Regionun lider dövləti ANALİZ

14 Mart 2013 15:46 (UTC+04:00)

Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından heç bir yenilik müşahidə olunmadı. Ümidlərin üzərində kökləndiyi ATƏT-in Minsk Qrupu yenə də çarəsiz qaldı.

Beynəlxalq qurumlar yekun rolu oynaya bilmirlər

Keçən il Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri cəmi bir dəfə görüşdülər. Sonrakı dönəmdə münaqişə ilə bağlı qeyri-aktivliyi Rusiyadakı prezident seçkilərinin nəticələrinə bağlayanlar, bu il üçün də yaxşı proqnozlar səsləndirmədilər. Buna səbəb kimi Azərbaycan və Ermənistandakı keçiriləcək prezident seçkilərini göstərdilər.

Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra Kremlin təşəbbüsü ilə üçtərəfli görüşlərə ümumiyyətlə fasilə verildi. Bu il isə hər iki ölkənin xarici işlər nazirlərinin görüşündən başqa hələ ki, hər hansı bir oyanış hiss olunmur.

Həmsədrlərin ötən il regiona mart, iyul və noyabr aylarında gerçəkləşən səfərləri tərəflərin mövqelərinin yaxınlaşdırılmasında heç bir ciddi rol oynamadı.

Politoloqlar artıq Dağlıq Qarabağ məsələsinin ATƏT və yaxud BMT çərçivəsində həllinin ümidsiz olduğu qənaətindədirlər. Çünki dünyada gedən proseslər sübut etdi ki, bu qurumlar heç bir münaqişənin həllində yekun rolu oynaya bilmirlər. Onların səmərəsiz fəaliyyətləri göz qabağındadır. BMT, ATƏT, AŞPA çərçivəsində heç bir problem öz həllini tapmayıb.

Bizim qəti mövqeyimiz

Azərbaycan prezidenti İlham Əliyev də Monteneqronun "Pobjeda" qəzetinin baş redaktoru Srdan Kusovaça müsahibəsində deyib ki, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində "status-kvo"nun qəbuledilməzliyi ilə bağlı verdikləri bəyanata Ermənistan indiyə qədər məhəl qoymur: "Hesab edirəm ki, beynəlxalq birlik bu münaqişənin ədalətli həll olunması istiqamətində səylərini daha da artırmalıdır. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Yalnız bundan sonra regionda uzunmüddətli sabitlik və əməkdaşlığa nail olmaq olar".

Ölkə Prezidenti İlham Əliyevin hər fürsətdə dilə gətirdiyi fikirlər göstərir ki, Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların öz doğma yurd-yuvalarına qayıtması məsələsində qətiyyət nümayiş etdirir.

Ermənistan üçün imkanlar məhdudlaşıb

Dövlət başçısının söylədiyi kimi beynəlxalq birlik bu münaqişənin ədalətli həll olunması istiqamətində səylərini daha da artırmalıdır. Bölgənin inkişafı, münaqişənin həlli naminə Ermənistan üzərinə düşən beynəlxalq öhdəlikləri tam və vicdanla yerinə yetirməlidir. Ölkə prezidentinin dediyi kimi, yalnız bundan sonra regionda uzunmüddətli sabitlik və əməkdaşlığa nail olmaq olar. Təəssüf ki, beynəlxalq birlik indiyə kimi işğala göz yumur, ATƏT-in ikili standartlar siyasətinin nəticəsidir ki, işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycana eyni üsulla yanaşma nümayiş etdirilir.

ABŞ, Fransa, Rusiya, hətta Ermənistan rəhbərliyi də artıq dərk edir ki, münaqişə həll olunmadan bu regionda sabitliyə, təhlükəsizliyə və Ermənistanın bir dövlət kimi inkişafına nail olmaq mümkün deyil. Lakin digər tərəfdən, Ermənistan rəhbərliyi onu da anlayır ki, münaqişə həll olunduqdan sonra erməni xalqı onları süpürüb bir kənara atacaq. Ümumiyyətlə, Ermənistan hakimiyyəti həmişə münaqişədən bir vasitə kimi istifadə edərək hakimiyyətə gəlib. Münaqişə uzandıqca isə Ermənistan daha böyük problemlərlə qarşılaşır, iqtisadi və siyasi böhran içərisində olan ölkədə vəziyyət dözülməz həddə çatır. Bu gün böhran dövründə Ermənistanı dolandırmaq, yaşatmaq üçün imkanlar həddən artıq məhdudlaşıb. Ermənistan ən böyük hamisi olan Rusiya ilə hərbi əməkdaşlığı gücləndirsə də, iqtisadi əlaqələr istənilən səviyyədə deyil. Təkcə İranın hesabına isə Ermənistan yaşaya bilməz. Bir sözlə Ermənistan özünü təcrid olunmuş vəziyyətə salıb.

Ölkənin yarısı yoxsullardır

Ermənistanda 2009-cu ildə dünya maliyyə və iqtisadi böhranın nəticələri kifayət qədər təsirli olub. Ümumdaxili məhsul real ifadədə 14,1 faiz, nominal ifadədə 3 milyard ABŞ dolları həcmində azalıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın Ümumdaxili məhsula faiz nisbəti 2008-ci ildəki 40.8 faizdən 2009-cu ildə 34.7 faizə qədər düşüb və sonrakı illərdə azalma davamlı xarakter daşıyıb. 2010-cu ildə Ümumdaxili məhsulun artım tempi 2.2, 2011-ci ildə 4.7, 2012-ci ildə 7.2 faiz təşkil edib. Beləliklə, Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa edib.

Erməni diasporunun yönəltdiyi vəsaitlərin ölkə iqtisadiyyatının ÜDM-nin 70 faizini formalaşdırıb. Ermənistanın real ÜDM-nin həcmi cəmi 3 milyard dollar təşkil edir. 2013-cü ilin büdcəsində əmək haqları və pensiya üzrə artım nəzərdə tutulmayıb. Cari ilin yanvarın 1-dən yeni vahid gəlir vergisi qüvvəyə minib. Bu "yeni islahat"a görə, aylıq gəliri təqribən 300 ABŞ dollarına yaxın olan vətəndaşlar 24.4 faiz, bu nisbətdən yuxarı olanlar isə 26 faiz dərəcəsi ilə vergi ödəməli olacaqlar. Seçki ilində əmək haqqı və pensiya üzrə artımların nəzərdə tutulmaması, əksinə, vergi yükünün artırılması və kommunal tariflərin son 3 ildə əhəmiyyətli artımı yoxsulluq, işsizlik, miqrasiya və sürətli qocalma problemləri ilə üz-üzə olan ölkənin vəziyyətini daha da ağırlaşdırır.

Ermənistanda bütün ölkə üzrə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə, 35 faizə bərabərdir. Bu, o deməkdir ki, ölkədə 1.2 milyon insan yoxsulluq həddindədir. BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxsaq, yoxsulluq həddi 50 faizdən çox olacaq. Paytaxt Yerevanda 1 milyon 127 min nəfər rəsmi qeydiyyatdadır. Bu insanların 27.5 faizi rəsmi statistikaya görə, yoxsulluq həddində yaşayır. Hətta 10 əyalətin 7-də yoxsulluq 30 faizdən çoxdur. İki əyalətdə (Lori və Şirak) yoxsulluğun səviyyəsi 45 faizdən yüksəkdir.

Azərbaycan iqtisadiyyatını gücləndirir

Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadiyyatını günü-gündən gücləndirir. Prezident İlham Əliyev "Pobjeda" qəzetinə müsahibəsində də bildirib ki, Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edir və hazırda dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir: "Həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Ölkəmiz enerji sahəsində böyük nailiyyətlər qazanıb. Azərbaycan qlobal iqtisadi və enerji layihələrində fəal iştirak edir".

Ümumiyyətlə, Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. 2003-cü ildən Ümumi Daxili Məhsul 3 dəfə, qeyri-neft Ümumi Daxili Məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq 4 ildir birinci yerdədir. 2003-2012-cü illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. Sahibkarlara Kömək Milli Fondu xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli kredit ayrılıb və indiyəcən 104 min yeni iş yeri yaradılıb.

Keçən il iqtisadiyyatın qeyri-neft sektoru təxminən 10 faiz artıb. Son 9 ildə ölkə iqtisadiyyatında 3 dəfədən çox, sənaye istehsalında 300 faiz artım qeydə alınıb. Son 9 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar sərmayə qoyulub, keçən il bu rəqəm 22 milyard dollardan çox olub və rekord göstərici əldə edilib. Ölkədə sosial məsələlər uğurla həll olunub. Hazırda orta pensiya 200 dollar, orta əmək haqqı isə 500 dollar səviyyəsindədir.