Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 23-cü turunda səfərdə "Qəbələ" klubunu 1:2 hesabı ilə məğlub edən "İnter" lider "Neftçi" ilə xal fərqini minumuma endirib. Siasport az saytı baş məşqçilərin fikirlərini təqdim edir:
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Altılıqda hər bir oyun vacibdir. Qəbələdəki matç bunlardan birincisi idi və startda yaxşı oyunla qalib gəldik. Rəqibdən daha üstün oynadıq, layiqli qələbə qazandıq. "Qəbələ"yə qapımız qarşısına yaxınlaşmağa demək olar imkan vermədik. Vurduğumuz qollar kombinasiyalı oyunun nəticəsi idi. İlk hissədə yaratdığımız qol imkanlarından yararlansaydıq, fasiləyə daha böyük hesabla yollana bilərdik. Rəqib ikinci hissədə uzun ötürmələr hesabına cərimə meydanımızda gərginlik yaratmağa çalışırdı. Ancaq müdafiədə yaxşı oynayaraq, üstünlüyümüzü sona kimi qoruya bildik ".
Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Hər oyunda 5-6 qol epizodumuz olur. Lakin istifadə edə bilmirik. Mövsümün sonunda bəzi futbolçular komandadan göndəriləcək. Qarşıda oyunlarımız var. Avrokuboklara qatılmaq şanslarımız bitməyib".