Azərbaycanda “Facebook inqilabı» törətmək əbəs cəhddir!

12 Mart 2013 21:19 (UTC+04:00)

YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri birmənalı olaraq bu kimi cəhdlərin reallaşmayacağını bildiriblər

Bəlli olduğu kimi, ölkə mətbuatında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda "facebook inqilabı"nı reallaşdırmaq cəhdləri barədə informasiyalar yayılmışdır. Həmin informasiyalarda qeyd edilib ki, ABŞ-ın xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan MDİ Qafqaz regionunda müxtəlif siyasi layihələrə külli miqdarda maliyyə vəsaiti ayırır. Eləcə də adıçəkilən qurumun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs vaxtilə post-sovet ölkələrinin bir neçəsində - Gürcüstanda, Molovada və Ukraynada sosial şəbəkə inqilablarını reallaşdırıb. Onu da xatırladaq ki, bu şəxsin Azərbaycanda olduğu üç il ərzində yerli banklarda öz hesabından təxminən 2 milyon dollara yaxın pul çıxardığı, lakin həmin pulun hansı istiqamətdə xərclənməsi ilə bağlı MDİ-nin rəsmi saytında heç bir məlumat verilmədiyi də ifşa olunub.

Qeyd edək ki, bu məlumatlar üzə çıxdıqdan sonra cəmiyyət nümayəndələri də baş verənlərə qarşı kəskin etirazlarını bildiriblər. Eyni zmanda Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının sədrləri də birmənalı olaraq bu kimi cəhdlərin reallaşmayacağını bildiriblər.

Aydın Hüseynov: "Facebook-da hakimiyyətin əleyhinə aparılan qərəzli kampaniya ümumiyyətlə, iqtidarı narahat etmir"

YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov sözügedən məsələni şərh edərkən qeyd edib ki, hazırda

dünyada qlobal informasiya texnologiyaları sistemi yüksək səviyyədə inkişaf edir. Məhz müxtəlif sosial şəbəkələrin mövcudluğu da yaşadığımız 21-ci əsrin nailiyyətlərindəndir. Bu baxımdan, sosial şəbəkələri kütləvi-informasiya vasitələrinin bir hissəsi olduğunu da nəzərə çatdıran YAP Qaradağ rayon təşkilatının sədri qeyd edib ki, bu amil informasiya əldə etmək baxımından böyük əhəmiyyətə malikdir: "Lakin bu o demək deyil ki, mövcud texnologiyalardan istifadə edib, hər hansı iğtişaş çağırışları edərək, siyasi-ictimai hadisələrə müdaxilə edəsən. Bizim hər birimiz bilirik ki, Azərbaycanda daxili və xarici qüvvələrin, dövlətlərin, diaspor təşkilatlarının müxtəlif siyasi-iqtisadi maraqları var və bu maraqların həyata keçirilməsi istiqamətində zaman-zaman cəhdlər olur. Bu il Azərbaycanda əhəmiyyətli ildir – seçki ilidir. Müəyyən qüvvələr var ki, seçki ilində insanların aktivləşməsi üçün səylərini gücləndirirlər. Lakin Facebook-da hakimiyyətin əleyhinə aparılan kampaniya iqtidarı qəti şəkildə narahat etmir. Çünki iqtidar komandası monolitdir və bu təmələ mdüaxilə etmək əbəsdir".

A.Hüseynov onu da qeyd edib ki, MDİ-nin Bakı ofisinin rəhbəri A.Qriqorevs düşünür ki, guya nə vaxtsa başqa ölkəlıərdə reallaşdırdığı səylərini Azərbaycanda da edə biləcək. Ancaq göründüyü kimi, o çox ciddi şəkildə yanılıb. Çünki Azərbaycanda xalq-dövlət maraqlarını heç bir cəhd üstələyə bilməz: " Hakimiyyətin ötən müddət ərzində apardığı iqtisadi və siyasi islahatlar əhalinin durumunun yaxşılaşmasına, dövlətin güclənməsinə səbəb olub. Bu gücü satsıtmaq bundan sonra da heç kimə müyəssər olmayacaq".

İsrafil İsmayılov: " Dağıdıcı müxalifət "liderləri" eləcə də onlara təlimatlar verən Qriqorevs kimiləri Azərbaycan xalqının qətiyyəti qarşısında aciz qalacaqlar"

YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov isə məsələ ilə bağlı bildirdi ki, bu gün Azərbaycanda müxtəlif qüvvələr var və həmin qüvvələr ölkədə xalqın dəstəklədiyi hakimiyyətin dəyişməsiniistəyirlər. Ancaq bu istək elə istək olaraq da qalacaq. Çünki heç bir maliyyə donor təşkilatları, xarici və daxili qüvvələr Azərbaycanda mövcud olan güclü, monolit hakimiyyəti dəyişmək gücündə deyil: "Sosial şəbəkələrdə, istər Twitterdə, istərsə də Facebookda çağırışlar etməklə hakimiyyəti dəyişmək əsla mümkün deyil. Belə ki, sosial şəbəkələrdə hakimiyyəti dəstəkləyənlər ona qarşı çıxanlardan kifayət qədər çoxdur. Facebookda 2 milyon manata hakimiyyət dəyişdirmək sadəcə boş təxəyyüldən başqa heç nə deyil".

Azərbaycanın həm də güclü iqtisadiyyat və neft, həmçinin regionun lider ölkəsi olduğunu xatırladan İ.İsmayılov eyni zmanda vurğulayıb ki, nə Rusiyanın, nə də ABŞ-ın Azərbaycanla bağlı iqtisadi maraqlarına xələl gətirəcək addımlar atılmayıb: "Təbii ki, burada dövlət maraqları da dayanıb. Bu gün Azərbaycan həm ABŞ-la, həm də Rusiya ilə çoxillik əmkdaşlıq prinsiplərinə malik tərəfdaş ölkələrdəndir. Bu mənada qarşıdan gələn prezident seçkilərində ciddi dəyişikliklərin olacağını düşünənlər, hər hansı dövlətin ölkəmizin daxili siyasətinə müdaxilə edəcəyi fərziyyələri ilə çıxış edənlər, xüsusilə də dağıdıcı müxalifət rəhbərləri bu fikirlərində ciddi çəkildə yanılıblar.

Təəssüf ki, bu gün MDİ-nin Bakı ofisinin rəhbəri olan A.Qriqorevsin yaxın əhatəsi də müxalifətyönlü "Nida" təşkilatının fəallarıdır. Bir qrup gənc öncə öz "liderlərinin" tələsinə düşərək gələcəklərini sual altında qoymuş, bunun ardınca isə MDİ kimi dağıdıcı təşkilatın siyasi oyuncaqlarına çevrilmişdir. Düşünürəm ki, belə cəhdlərin prezident seçkiləri ilində törədilməsi bilavasitə Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücündən. vəhdətindən çəkinməyin əlamətidir. Xalq isə öz sözünü məhz bu ilin oktyabr ayında deyəcək. Bax, onda dağıdıcı

müxalifət "liderləri" eləcə də onlara təlimatlar verən Qriqorevs kimiləri Azərbaycan xalqının qətiyyəti qarşısında aciz qalacaqlar. Buna heç kimin şübhəsi olmasın".

Rövşən NURƏDDİNOĞLU