ABŞ səfiri bəyanat yaydı

12 Mart 2013 18:08 (UTC+04:00)

ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ölkədə baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, bəyanatda bildirilir:

"İctimai nümayişlərdən əvvəl bir neçə gənc fəalın hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən həbs edilməsi barədə mətbuat xəbərləri ilə tanış oldum. Hüquq-mühafizə orqanları nümayəndələri qəbul edilmiş beynəlxalq standartlara zidd olaraq, bu fəallardan üçünün törətməkdə ittiham olunduqları cinayətləri etiraf etmək üçün televiziya ilə açıqlamalarını yayınladılar. Mən Azərbaycanın dostuyam və ölkənin 1991-ci ildə öz müstəqilliyini yenidən əldə etdikdən bəri qazandığı nailiyyətlərə heyranlıqla yanaşıram. Mən əminəm ki, hökumət dinc nümayişçilərin hüquqlarına hörmət etsə, qanunun aliliyini təşviq etsə və qanuni ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoq qurarsa, Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər".