Media hər cür məlumatı insanlara və cəmiyyətə çatdırır, bunu səs və görüntü olaraq təqdim edir, maarifləndirir, istiqamət verir, eyni zamanda əyləndirir. Kütləvi informasiya vasitələri olaraq da adlandırdığımız media insanların sosial və ictimai sahədəki fəaliyyətlərinin çoxunu əhatə edər.
Sosial şəbəkələrin gücü
Media, daha dəqiq desək qəzet, jurnal, radio, televiziya, kino, kitab və internet cəmiyyətə istiqamət və güc verən ünsürlərdir. Hazırda isə ən populyar olan, "yeni media" adlandırdığımız sosial media və şəbəkələr gündəmdə öz yerini tutub.
Sosial media və ya şəbəkələr zaman və məkan məhdudlaşdırması olmadan fikirlərin paylanıldığı, müzakirələrin aparıldığı insanlar arasında əsas ünsiyyət məkanına çevrilib. İlk sosial şəbəkə 1994-cü ildə Böyük Britaniyada qurulsa da, ondan 10 il sonra yaradılan Facebook 2008-ci ildə artıq 200 milyon istifadəçisi olan bir şəbəkəyə çevrilib.
Artıq internet insanlar arasında məlumatın alındığı ana qaynağa çevrilib. Qəzet, jurnal kimi məcmuələr yerini internet çağına buraxıb. Sosial şəbəkələrin gücü ilə cəmiyyətlər, ölkələr dəyişikliklərə məruz qalır. Bunun ən gözəl nümunəsini 2010-cu ilin sonlarından cərəyan edən Ərəb Baharının fonunda açıq bir şəkildə görmək mümkündür.
İllər keçdikcə, zaman dəyişdikcə kütləvi informasiya vasitələrinin rolu, funksiyası və fəaliyyət istiqamətləri birmənalı olaraq dəyişir. Ötən yüzilliyin ortaları ilə müqayisədə, informasiya aldığımız mənbələr qəzetlər, jurnallar və televiziya sadəcə mətbuat kimi dəyərləndirilirdi. XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq KİV-lərin inkişafı elə bir vüsət aldı ki, hazırda insanlar özləri də fərqinə varmadan onun əsirinə çevrilib. Bu günün ən bahalı əmtəəsi neft və ya qızıl deyil, informasiyadır. İnformasiya kimin əlindədirsə, o daha güclüdür və dünyaya da hakimlik edir. Bu gün dünyada informasiya savaşı gedir. 2003-cü ildə ABŞ-ın İraqa hücumu zamanı həmişə demokratiyanın mövcudluğundan, zəruriliyindən dən vuran ABŞ bütün KİV-lərə döyüş bölgəsindən məlumat verməsini qadağan etdi. Təkcə CNN bu məlumatları yaymaq hüququna malik idi. Bu tendensiyaya fikir verin. İllər keçib, dünyada baş verən ABŞ-ın və yaxud da Qərbin qoşulduğu bütün proseslərin içərisində informasiya monopoliyası var. Bu gün dünya hadisələrini işıqlandıran əsas kütləvi informasiya vasitələri CNN, BBC, "Reughters, bir də "Əl-Cəzirə"dir, son vaxtlar buraya "Euronews" da əlavə edilib. Bunlardan başqa dünyada siyasi, iqtisadi, sosial prosesləri işıqlandıran başqa kanal görmək çətindir. Elə Ərəb Baharında əsas rolu onlar oynayıblar. Qərb KİV-in, xüsusilə sosial medianın təsir etmək gücünü ilk olaraq anladı və bunu real həyatda tətbiq etdi.
İnqilablar kimə lazımdır?
Yəmən, Misir, Liviya və Suriyada əslində tamam fərqli proseslər gedir.
Dünya əsl həqiqəti, əslində nələrin baş verdiyini dəqiqliklə bilmir. Biz Qərbin Afrika, eləcə də Asiyada baş verən proseslərə yanaşmasını görürük. Sonrakı hadisələr göstərdi ki, səhih informasiyanı çağdaş dünyada tam olaraq gizlətmək də qeyri-mümkündür. Sözügedən bölgələrdə çoxlu sosial-siyasi, iqtisadi problemlər olduğu söylənilirdi. İşsizlik, siyasi və fiziki təzyiqlər, yox sayıla biləcək ifadə azadlığı, adi hala çevrilən qanunsuzluqlar və s. Lakin prosesi sürətləndirən səbəblərin arasında "sosial media" da yerini tutub.
Diqqət yetirək, Yəməndə, Misirdə, Liviyada nə oldu? Liviyada bu saat da qəbilələrarası savaş gedir. Bəs onda inqilabı edən kimlər imiş? İnqilab kimə qarşı imiş? Qəddafinin getməsi üçün idisə, niyə onun getməsindən sonra ölkə idarəçiliyi üçün bir konsepsiya yaradılmadı? Ona görə də bu gün də Liviya pis vəziyyətdədir. Liviyanın səhiyyə naziri Fatimə Hüruşi öz ölkəsindəki vəziyyəti dəyərləndirərkən maraqlı bir ifadə işlədib: "Qəddafi dövründə hər yerdə qayda-qanun vardı, amma indi Liviyada rejim dəyişib, indi qayda-qanun yoxdur, ölkədə hərc-mərclik, xaos baş alıb gedir". Və yaxud Misirdə Mübarək hakimiyyətdən getdi, amma baxaq görək bu inqilabdan sonra Misir xalqının vəziyyəti hansı istiqamətdə dəyişdi? Az ya çox dərəcədə Hüsnü Mübarək müasir düşüncəli zabit, hərbi pilot idi. İndi isə Misirdə hakimiyyətə hələ dəst-xətti heç kəsə bəlli olmayan islamçılar gəlib. Liviyada da belə oldu, hazırda Suriyada da həmin proseslər yaşanır.
Xaricdən gələn "demokratiya mesajları"
Bütün bunlar sübut edir ki, bu gün dünyada ən bahalı şey informasiyadır. Tunis və Misir mütəxəssisləri tərəfindən aparılan bu araşdırmada Facebook, Twitter və YouTube-dan toplanan məlumatlardan ibarət baza yaradılıb. Bundan başqa araşdırma üçün ayrıca Misirdəki siyasi vebsaytlar, Tunisin bütün internet bazasındakı mövcud siyasi dialoqlar və inqilablar əsnasında göndərilən və açar sözlərinə görə filtrlənmiş 3 milyondan çox tweet araşdırmaya daxil edilib. Ortaya çıxan nəticələr Ərəb Baharında sosial medianın ciddi rolu olduğunu ilk dəfə sübut edib.
Vaşinqton Universiteti mütəxəssislərinin araşdırması nəticəsində ortaya çıxan dəlillər göstərir ki, Şimal Afrikadan Orta Şərqə yayılan "azadlıq və demokratiya" əsaslı mesajların sosial mediada yayılması inqilabların hədəfinə çatmasında böyük rol oynayıb.
Məsələn, Hüsnü Mübarəkin istefasının reallaşdığı həftə boyunca Misir və dünyadan gələn ümumi tweet nisbəti bir gündə 2 min 300-dən 230 minə qədər yüksəlib. Etirazlar və siyasi mübahisələrin olduğu videolar çox sürətli bir şəkildə yayılıb və ən çox izlənilən ilk 23 videoya 5,5 milyon dəfə baxılıb.
Həm Tunis, həm də Misirdə sosial şəbəkələrdə azadlıq, demokratiya və inqilab haqqındakı mübahisə və müzakirələr çox sürətli bir şəkildə etirazlara çevrilib. Misirdəki üsyanlar əsnasında ətraf ölkələrdən axan tweet nisbəti gündəlik 2 min 400-dən, Tunisdə Min Əlinin istefası əsnasında xarici ölkələrdən axan tweetlər gündəlik 2 min 200-ə çatıb. Maraqlı fakt ondan ibarətdir ki, gələn mesajların 70 faizdən çoxu xaricdən olub.
Məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır
Dünyada, eləcə də Azərbaycanda sosial şəbəkələrə maraq gündən-günə artır. Son məlumatlara görə, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 1 milyona çatıb. Bəziləri üçün sosial şəbəkə dostlaşmaq və ya yaxınlarını tapmaqdırsa bəzilərinə görə bu, siyasi təbliğat, anarxiya yaratmaq üçündür. Müasir dövrdə sosial şəbəkə dedikdə əsasən Facebook və Twitterdən istifadə nəzərdə tutulur. Lakin bloqlar, forumlar, çat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. 9 il əvvəl yaradılmış Facebook-un maliyyəsinə nəzər salın: 50 milyard dollar. Bu da heç də təsadüfi deyil və Ərəb Baharı eləcə də digər qiyamlar məhz bu sosial şəbəkənin təsiri ilə baş verir. Sosial şəbəkələrin bir çox gizli məqamları ciddi şəkildə siyasi oyunların aləti olduğunu ortaya qoyur. Azərbaycan regionu üzrə aparıcı müxalifət partiyaları, bir sıra gənclər hərəkatları, gənc fəallar, siyasi mühacirətdə yaşayanlar sosial şəbəkələrdən maksimum həddə istifadə etməyə çalışırlar. Ümumiyyətlə siyasi fəaliyyətdə müxalifətin gənclər qanadı sosial şəbəkələrdə ən aktiv təbəqədir. Sosial bazası məhdud olan siyasi qurumlar isə, bir çox hallarda sosial şəbəkələr vasitəsi ilə süni şəkildə sosial bazaların şişirdirlər və böyük göstərməyə çalışırlar.
Sosial şəbəkələrin siyasiləşdirilməsində təbii ki, maraqlı qüvvələr var. Son günlər ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda sosial şəbəkələr vasitəsilə mitinqləri reallaşdırmaq üçün 2 milyon dollara yaxın vəsait xərcləməsi haqqında iddiaları ABŞ-ın Azərbaycandakı səfirliyi təkzib etsə burada diqqəti çəkən bir məqam var. Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Gürcüstan, Ukraynada və Moldovada hakimiyyət dəyişikliyi dövründə bu ölkələrdə işləyib.
Hüquq müdafiəçisi Eynulla Fətullayev iddia edir ki, indi də bu şəxs Azərbaycanda oxşar plan üzrə çalışır: "Son 1 il ərzində Azərbaycanda həyata keçirdiyi proqramlar 2 hədəfə - gənclərə və sosial şəbəkəyə yönəlib. Məndə Aleks Qriqoryevsin çıxardığı külli miqdarda vəsaitlərin bir sxemi var. O bu pulları hansısa mitinqin və ya Azərbaycanda ciddi ictimai əks-sədaya səbəb olan tədbirin ərəfəsində çıxarıb".
Qeyd edək ki, müxalifət partiyaları martın 10-da Fəvvarələr meydanında keçirilən aksiyanın təşkilatçısının sosial şəbəkələr olduğunu bəyan edir. Müsavat və AXCP-dən ANS-ə bu aksiyanın təşkilatçıları olmadıqlarını, sadəcə, gənc üzvlərinin ona qatıldığını bəyan ediblər.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, martın 10-da Fəvvarələr meydanında keçirilən aksiyanın təşkilatçıları və üzvləri müxalifət partiyalarının nümayəndələridir. Məqsəd vətəndaş qarşıdurması yaratmaq və xaricdən Azərbaycanda təxribat törətmək istəyənlərə kömək etməkdir.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, aksiyanın təşkilatçılarının siyasi məqsədləri var və bu yolla onlar ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.
Xatırladaq ki, bu ilin əvvəlindən Bakıda bir neçə icazəsiz aksiya keçirilib. Onların hər birinə çağırışlar sosial şəbəkələr vasitəsilə yayılıb.