Ramil Usubovdan sərt mövqe

12 Mart 2013 15:50 (UTC+04:00)

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Daxili Qoşunların yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı sosial şəbəkələrdə aksiyalara edilən çağırışlara münasibət bildirib. SİA-nın xəbərinə görə, nazir deyib ki, sosial şəbəkələrdəki bu çağırışlar respublikadakı dayanıqlı sabitliyi pozmağa yönəlib: "Respublikadakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrini, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönələn uğursuz cəhd kimi qiymətləndirirəm".

Nazir bütün bunların silahlı qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribat olduğunu vurğulayıb.