"Rabitə"ni bu gecə qayıtdı

12 Mart 2013 10:48 (UTC+04:00)

Qadın voleybol komandaları arasında keçirilmiş Çempionlar Liqası yarışlarında gümüş medal qazanan Bakının "Rabitə" komandasının üzvləri bu gecə vətənə qayıdıblar. Siasport.az saytının məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların təntənəli qarşılanma mərasimi təşkil olunub. Yerli azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılayıblar.

Klubun prezidenti Cəlil Cəfərov bildirib: "Çempionlar Liqası yarışlarının gümüş medalını qazanmaq böyük nailiyyətdir. Voleybolçularımız çox gözəl oyun nümayiş etdirdilər. Onların bir hədəfi var idi. Təəssüf ki, bu mövsüm mötəbər turnirin qızıl medalını qazana bilmədik. Rəqibimiz çox güclü və 30 ildən çox mövcud olan formalaşmış komanda idi. Ancaq Qətərdə keçirilmiş klublararası dünya çempionatının finalında "Vakıfbank"a qalib gələrək mundialın qalibi adını qazanmışdıq. Bu uğuru Çempionlar Liqası yarışlarının finalında da təkrarlaya bilərdik".
Komandanın güclü voleybolçulardan təşkil edildiyini diqqətə çatdıran C.Cəfərov növbəti mövsümdə də "Rabitə"nin hədəfinin Çempionlar Liqası yarışlarının qalibi adını qazanmaq olduğunu vurğulayıb.
Qeyd edək ki, "Rabitə" komandası İstanbulda keçirilmiş "Dördlər finalı"nın həlledici görüşündə Türkiyənin "Vakıfbank" kollektivinin voleybolçuları ilə qarşılaşmada 0:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

"Rabitə" Azərbaycan voleybol tarixində növbəti rekordunu gerçəkləşdirib. Bakı təmsilçisi Çempionlar Liqası yarışlarının "Dördlər final"ında ikinci dəfə çıxış etməklə bu nailiyyətə imza atan ilk klubumuz olub.

Bunadək qitənin ən güclü 4 komandası sırasına yüksələn "Rabitə" və "Azərreyl" hərəsi bir dəfə nüfuzlu yarışın iştirakçısı olub. "Rabitə" bu nailiyyəti ikinci dəfə qazanmaqla həmyerlilərini arxada qoyub.

Ümumilikdə isə bu, komandalarımızın iştirakı ilə keçirilən üçüncü "Dördlər finalı"dır. "Azərreyl" 2003/2004-cü il, "Rabitə" isə 2010/2011-ci il mövsümündə bu nailiyyətə imza atıb. "Azərreyl" hər 2 oyunda məğlub olaraq dördüncü olubsa, "Rabitə" yalnız finalda məğlub olaraq qitənin ikincisi adını qazanıb.