ABŞ üçün demokratiya nədir?

11 Mart 2013 16:07 (UTC+04:00)

Latın Amerikası ölkəsi olan Venesuelanın dövlət başçısı Uqo Çavesin 58 yaşında xərçəng xəstəliyindən dünyadan köçməsindən dərhal sonra onun vəfatı ilə bağlı "öldürüldü" iddiası da gecikmədi. Latın Amerikasında sol dalğanı canlandıran Çavesin öldürüldüyü iddiasını vitse-prezident Nikolas Maduro gündəmə gətirib.

Maduro Fələstininin əfsanəvi lideri Yasər Ərafatın zəhərləndiyi iddiasını da xatırladıb. O, komandanın da bu xəstəliklə öldürüldüyünə şübhə olmadığını deyib.

Liderlərin xərçəng olması təsadüfdürmü?

Uqo Çavez kimi Cənub Amerikada ABŞ əleyhdarı bütün liderlərin xərçəng olması yenə o bilinən "xəstəliyin qaynağı ABŞ-dır" sui-qəsd nəzəriyyəsini ağıllara gətirib.

İki ildən çox xərçənglə mübarizə aparan Venesuela prezidenti Uqo Çavezin ölümü bir çox ölkədə dərin bir kədərlə qarşılanarkən, digər Cənub Amerika liderlərinin də xərçəngə tutulması ABŞ-ın sui-qəsdi olaraq qiymətləndirilmişdi və Çavesin ölümü təkrar bu sualları gündəmə gətirib. Bu şübhəyə Çavesin 2011-ci ildə etdiyi "Kastro mənə ABŞ-ın əlində bir texnologiyanın olduğundan bəhs etmişdi. Bu texnologiya ilə istədiyi insanı xərçəngə yoluxdura bilirmiş. Mənə yediklərimə, içdiklərimə diqqət yetirməmi söylədi və "Kiçik bir iynə ilə sənə xəstəlik bulaşdırarlar" dedi. Məni tədbirsiz olmaqla günahlandırırdı" açıqlaması səbəb olub.

Ağ Evdən gələn ölüm

Kuba lideri Fidel Kastro, Braziliya prezidenti Dilma Rousseff ilə sələfi Luiz İnasio Lula da Silva, Argentina dövlətinin başçısı Kristina Fernandez də Kirçner və Paraqvay prezidenti Fernando Luqonun xərçəngə tutulması bu hadisənin bir təsadüf olmadığı düşüncəsini ağıllara gətirib. Çünki bu ölkələr siyasi baxışlarına görə Çavesin müttəfiqi hesab olunan dövlətlərdir.

ABŞ prezidenti Uqo Çavesin ölümünə münasibət bildirərkən deyib ki, indi Venesuelanın öz tarixində yeni bir səhifə açdığı bir vaxtda xatırlatmaq istəyirik ki, demokratiya, bərabər hüquqluluq və qanun qarşısında bərabərlik, eləcə də insan haqlarının müdafiəsi prinsiplərini əvvəlki kimi dəstəkləyirik. Maraqlıdır ki, Barak Obama Uqo Çavesin ölümü ilə bağlı danışarkən başsağlığı verməyib.

Demokratiyanın fəsadları

ABŞ yenə də "demokratiyanı dəstəklədiyini" bəyan edir. O ABŞ ki, Yaponiyaya 3 gün fərqlə 2 atom bombası ataraq tarixə Xirosima, Naqasaki kimi dəhşətli faciə yazdırıb. Birinci dəhşətdən "demokratiyanın" bərqərar olmadığını düşünən ABŞ iki gün sonra növbəti atom bombasını atıb.

Vyetnamda kimyəvi silahları sınaqdan keçirən amerikalılar buradakı faciənin dəhşətlərini sonradan Hollivud filmlərində öz əsgərlərinin qəhrəmanlıq salnamələrinə çeviriblər. ABŞ əsgərlərinin gətirdiyi "demokratiyanın" ağrısını Əfqanıstan və İraqdakı insanlar hələ də çəkməkdədir. "Vətənpərvər" ABŞ əsgərlərinin bu ölkələrdə işlətdiyi uran maddələri hələ də dəhşət yayır, hamilə qadınlarda rüşeymin böyüməsini əngəlləyir, fiziki, əqli qüsurlu körpələr doğulur.

Elə ABŞ-ın sevmədiyi Çaves də ölkəsi üçün çox şey etmişdi. İqtisadi siyasət əsasən Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə uyğun yeridilirmiş, xarici investisiyaların və qlobal korporasiyaların ölkəyə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdü. Bundan başqa, o, sosial islahatlar proqramını tətbiq etməyə, köhnəlmiş infrastrukturu təkmilləşdirməyə, pulsuz səhiyyənin inkişaf etdirməyə və yoxsullar üçün yeyintiyə maddi yardım verməyə başlamışdı.

Görəsən bu gün viran qalan Liviyada xalqın sosial-mədəni rifahı niyə ABŞ-ı narahat edirdi? Dövlət hər bir ailə üzvünə ildə 1000 dollar dotasiya, işsizlərə 730 dollar müavinət, hər yeni doğulmuş körpəyə görə ailəyə 7000 dollar verirdi. Yeni evlənən cütlüklərə 64 min, şəxsi biznes qurmaq istəyənlərə 20 min dollar hədiyyə edirdi, təhsil və səhiyyə pulsuz idi, xaricdə təhsil almaq istəyənin xərcini dövlət ödəyirdi, elektrik enerjisi pulsuz idi, saxta dərman və ərzaq satanı ölüm hökmü gözləyirdi.
Və Qəddafi qərbli "zəlilərə" ölkəsinin sərvətlərini talamağa imkan vermirdi. Bunlar isə ABŞ "demokratiya"sına zidd idi. Əsl "demokratiyanı" sadə liviyalıların başına göydən səpmək lazım idi.

Bəşər Əsədin 12 illik hakimiyyəti dövründə ölkədə inşa etdirdiyi 8 min məktəb, 2 yüz institut, 40 universitet açılması da ABŞ-ı qıcıqlandırıb. Suriyada adam başına düşən milli gəlirin 300 faiz artması, son 12 ildə bu ölkədə tikilən 11600 min yaşayış massivi, 6 min xəstəxana, poliklinika, yeni qurulan 5 iri sənaye şəhəri, 600 faiz artan əkinçilik və sənaye istehsalı, canlanan turizm sektoru da ABŞ-ı narahat edib.

Şok strategiyaya alternativ variant

Əslində ABŞ-ın əvvəlki dövrdəki strategiyası, şok strategiyası idi. Yəni şiddətli bir hava bombardman ilə düşmən saydığı rejimi məhv edirdi. ABŞ hegemonluğu üçün geostrateji-geosiyasi, iqtisadi əhəmiyyətə malik ölkələri bu şəkildə çökdürürdü. Somali, Sudan, Əfqanıstan, İraq şok strategiya ilə çökdürüldü. Lakin, bu dövlətləri çökdürməyi bacarsa da bataqlığa batmaqdan xilas ola bilmədi. ABŞ-ın vəziyyəti tam da Maonun dediyini xatırladırdı: "İmperialistlər böyük bir daşı qaldırarlar, amma qaldırdıqları daş ayaqlarına düşər". Belə bir vəziyyətdə və yeni beynəlxalq güclərin ortaya çıxdığı bir vaxtda ABŞ artıq şok strategiyası ilə istəklərini reallığa çevirməyə risk etmir. Artıq meydan boş deyil. "İtsiz kənddə dəyənəksiz gəzmək dövrü" başa çatdı. Həm Suriyanı, həm İranı çökdürmək istəyir, həm də bunu açıq bir hücumla etmək istəmir. Çünki, regional savaşın dünya müharibəsinə çevrilmə riski çox yüksəkdir və belə bir müharibəni qazanması mümkün deyil.

Bu gün ABŞ "demokratiyasını" yaymaq üçün alternativ yollardan istifadə edir. Məsələn, Ağ evin siyasətinə qarşı çıxan dövlət başçılarını müxtəlif xəstəliklərə yoluxdurmaqla, "baharlarla", "qışlarla" və s.

Qətllər və savaşlar silsiləsi

ABŞ-ın son 10 ildə törətdiyi qlobal terrorda təkcə 2 milyon uşaq ölüb, 6 milyon isə şikəst olub. 1964-1973-cü illər ərzində Amerika ordusunun Vyetnamda mülkü vətəndaşlara qarşı törətdiyi kütləvi qətliamda yarım milyon vyetnamlı həyatını itirib. Buna görə isə cəmi 14 amerika hərbçisi məhkəməyə çıxarılaraq mühakimə edilib. Mühakimə olunan hərbçilərdən 13-ü qısa zamandan sonra amnistiyaya düşərək azadlığa çıxıb. Yalnız general Kalley 3 il müddətinə ev dustağı olub.

1948-1953-cü illərdə Filippində hərbi əməliyyatlar zamanı minlərlə filippinli qətlə yetirilib. 1951-1953-cü illərdə 1 milyon ABŞ əsgərinin Koreyaya silahlı müdaxiləsi nəticəsində 100 minlərlə koreyalı həlak olub. 1964-cü il Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələr qanına qəltan edilib.
1964-1973-cü illərdə 50 min ABŞ əsgərinin Laos Respublikasına təcavüzü minlərlə insanın ölümünə səbəb olub. 1982-1983-cü illərdə 800 ABŞ dəniz piyadasının Livana hərbi təcavüzü kütləvi qırğınlarla müşahidə olunub. 1986-cı ildə Liviyaya soxularaq Tripoli və Benqazini bombardman edib, minlərlə insan həlak olub. 1989-cu ildə Panamaya silahlı basqında minlərlə panamalı qətlə yetirilib.
1991-ci ildə İraqa qarşı genişmiqyaslı hərbi əməliyyatda 450 min hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə edilib, 150 minədək dinc sakin öldürülüb.

Görəsən bu qədər qətliamlar, savaşlar törədən, özünü xilaskar (və yaxud yeganə hakim) kimi dünyaya sırımağa çalışan ABŞ "demokratiya, bərabər hüquqluluq və qanun qarşısında bərabərlik, eləcə də insan haqlarının müdafiəsi prinsiplərini dəstəkləyirik" deyəndə özünün, eyni zamanda özgələrinin tarixində qanlı izlər buraxdığını xatırlayırmı?