Cənubi Qafqaz uğrunda savaş: nəhənglərin yeni toqquşması

11 Mart 2013 12:16 (UTC+04:00)

Yaxın Şərqdə geosiyasi gərginliyin qalması qonşu regionlara da öz təsirini göstərir. Böyük dövlətlər daha fəal addımlar atmağa çalışırlar. ABŞ və Rusiyadan gələn iki təklif bu kontekstdə ciddi əks-səda doğurub. O cümlədən, Qafqazın geosiyasi taleyi ilə bağlı müəyyən suallar meydana çıxır.

Qlobal geosiyasətin iki dalğası

Son vaxtlar Cənubi Qafqazın geosiyasi gələcəyi aspektində maraq doğuran hadisələr baş verir. Onlardan biri Rusiya prezidenti Vladimir Putinin Federal Təhlükəsizlik Xidmətinə (FTX) Avrasiya inteqrasiyasında arzuolunmaz opponentlərə qarşı tədbir görməyi tapşırmasıdır (bax: məs., Акоп Бадалян. Последнее пристанище евразийской идеи. Lragir.am, 16 fevral 2013). Digəri ABŞ və Avropa İttifaqının (Aİ) ortaq azad ticarət zonası yaratmaq qərarına gəlməsidir. Bu barədə Ağ Evdə prezident Barak Obama ilə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun birgə bəyanatı səslənib (ətraflı bax: Dana Gabriel. The U.S.-EU Free Trade Deal: Foundation for a New Global Economic Order. Global Research, 27 fevral 2013).

Rusiya, ABŞ və Aİ-ni əhatə edən bu tədbirlərin Cənubi Qafqazın geosiyasi mənzərəsinə ciddi təsir edəcəyi haqqında ekspertlərin proqnozları mövcuddur. Hətta indi regionda cərəyan edən geosiyasi proseslərə həmin müstəvidə yanaşmağa meyl artır. Dünyanın böyük güclərinin Qafqaz uğrunda yeni səviyyədə və miqyasda savaşa başladıqları iddia edilir. Reallığın nədən ibarət olduğunu zaman göstərəcək, lakin indi bəzi məqamların üzərində dayanmağa ehtiyac hiss edilir.

V.Putin kifayət qədər ciddi siyasətçidir. Onun FTX-yə Avrasiyada Rusiya modeli üzrə inteqrasiyaya qarşı çıxanlarla mübarizə aparmaq haqqında göstəriş verməsi də kifayət qədər düşündürücü siyasi-hüquqi addımdır. Müasir şəraitdə ölkələri xüsusi xidmət orqanlarının dəstəyi ilə əməkdaşlığa sövq etmək hansı mənanı verir? Ümumiyyətlə, belə bir addım atmağın səmərəsi varmı? Hər bir halda Rusiya kimi böyük bir dövlətin başçısı belə bir qərar veribsə, bunun arxasında ciddi nüanslar durmalıdır. Həmin səbəbdən Moskvanın postsovet məkanında, o cümlədən Qafqazda daha qətiyyətli və ola bilsin ki, bir qədər sərt davranacağını proqnozlaşdırmaq mümkündür.

Onu deyək ki, V.Putin Rusiyanın xarici siyasətində yer almış bir tezisə uyğun addım atır. Həmin tezisdə Kremlin siyasətində postsovet məkanında inteqrasiya məsələsinin əsas yer tutduğu qeyd edilib. Lakin bu məqsədi həyata keçirmək üçün FTX-dən istifadə etmək bir neçə sual yaradır. Ekspertlər hesab edirlər ki, Rusiya prezidenti bütün sahələri deyil, konkret sferaları nəzərdə tutub.

Ermənistanın geosiyasi tərəddüdləri

Həmin bağlılıqda Cənubi Qafqaz ölkələrində bu il keçirilməsi nəzərdə tutulan seçkilərdə Moskvanın maraqlarının qorunması ilk ağıla gələn məqamdır. Artıq Ermənistanda prezident seçkisi başa çatıb. Həmin hadisədən əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov İrəvana səfər etdilər.

Ermənistan mediası bunu əsas olaraq Moskvanın geosiyasi maraqları aspektində təqdim edir. Maraqlıdır ki, ermənilər indi "Rusiya imperiyası" ifadəsini tez-tez işlədirlər (bax: məs., Наира Айрумян. Кто в Армении приветствует "российский империализм". Lragir.am, 6 fevral 2013). Onların Moskvanı imperiya iddiasında təqsirləndirməsi xeyli qəribə gəlir. Çünki bu günə qədər Ermənistan Rusiyanı özünə arxa bilib, onun gücünün kölgəsində mövcud olub. İndi hansı dəyişikliklər gedir? Nəyə görə, ermənilər Kremldən ehtiyatlanmağa başlayıblar? Bu suallara erməni mediası cavab vermir. Səbəbi bizcə, aydındır.

Məsələ ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqazda yaranmaqda olan yeni geosiyasi mənzərədən narahatdır. İrəvan başa düşür ki, gec və ya tez işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı olacaq. İndi özünü baha satmaqla bu prosesə müəyyən dərəcədə əngəl olmağa çalışır. Məhz bu səbəbdən İrəvandan Kremlin ünvanına inamsızlıq, Ağ Evə isə ümid ifadə olunan səslər eşidilir. Bununla erməni siyasətçilər "bir güllə ilə iki hədəf vurmağa" çalışırlar. Həmin məqsədi erməni ekspertlər və analitiklərin gətirdikləri arqumentlərdən aydın görmək mümkündür.

Bir qayda olaraq, Ermənistandakı analitiklər Rusiyaya inamsızlıqlarını Moskvanın Azərbaycana yeni növ silahlar satması faktını misal kimi göstərərək ifadə edirlər (bax: məs., Эрнест Варданян. Армения-Россия: Стратегическое партнерство или...? Lragir.am, 13 fevral 2013). Lakin Rusiyanın Ermənistana milyard dollarlıq silah satması faktını çox normal şərh edir, dostluğun əlaməti olaraq təqdim edirlər. Bunun fonunda çox düşündürücüdür ki, ermənilər Moskvanın Ermənistana, Dağlıq Qarabağa və Xocalı hava limanına nəzarət etmək istəyini "təəccüblə" qarşılayırlar. Bütün bunlar geosiyasi aspektdə rəsmi İrəvanın qeyri-müəyyən mövqedə olduğunu və bölgə üçün risk mənbəyi olaraq qaldığını göstərir.

ABŞ və Aİ-nin azad ticarət zonası yaratmaq ideyasını erməni analitik və ekspertlər sevinclə qarşılayırlar. Onlar bunda Ermənistanın xilasını gördüklərini yazırlar. Görünür, İran məsələsində Qərbin qətiyyətli mövqeyi öz təsirini göstərir. Ermənilər sadəcə, qonşu ölkədə müharibə başlayacağı təqdirdə zərər görməmək üçün uğursuz manevrlər edirlər. Özlüyündə bu, həm Qərb, həm də Rusiyanı Ermənistan məsələsində daha aqressiv davranmağa sövq edə bilər ki, sonucda bütün region çətin vəziyyətə düşər. Ermənilər özlərini baha satmaq siyasəti ilə bütövlükdə Cənubi Qafqazı təhlükəli oyuna sürükləyirlər.

Gürcüstan şokda?!

Rəsmi Tbilisinin davranışları regionda və dünyada birmənalı qarşılanmır. Bidzina İvanişvilinin Rusiyaya müəyyən reveranslar etməsini hətta region üçün riskli addım hesab edənlər var. FTX-nin inteqrasiya ilə əlaqəli Gürcüstanda hansı fəaliyyəti göstərdiyi tam aydın olmasa da, payızda keçiriləcək prezident seçkisində Mixeil Saakaşvilinin məğlubiyyəti üçün çalışacağı proqnozlaşdırılır. Bu aspektdə V.Putinin xüsusi xidmət orqanları qarşısında qoyduğu yeni vəzifə gürcü demokratlarını bərk qorxudub. Onlar indi nə edəcəklərini bilmirlər. Gürcüstan hökuməti isə ölkənin təhlükəsizliyi ilə bağlı konkret konsepsiya ortaya qoymur. Bunlara görə, Gürcüstanın hələ hakimiyyət dəyişikliyinin yaratdığı şokdan çıxmadığını demək olar.

Maraqlı bir cəhət Ermənistan siyasi dairələrinin Gürcüstana inamının artmasından ibarətdir. Ermənilər hesab edirlər ki, B.İvanişvili Abxaziya dəmiryolunu açacaq. Lakin bu halda rəsmi İrəvanın Avrasiya inteqrasiyasına "yox" demək imkanı əldən verilmiş olur. Rusiya ilə Ermənistan arasında birbaşa quru əlaqəsi yaranır. Bu səbəbdən B.İvanişvilinin Abxaziyadan keçən dəmiryolu xəttini açması ehtimalı çox azdır. Əvəzində Gürcüstanın geosiyasi kursu ilə əlaqəli qaranlıq məqamlar qalmaqdadır.

Məsələ ondan ibarətdir ki, yeni gürcü hökumətinin Moskvaya tərəf atdığı addımlar Qərbi narahat etməyə başlayıb. Geosiyasi mənada çox həssas bir mərhələdə Tbilisi Cənubi Qafqazda Rusiyanın mövqelərini möhkəmlətmiş olur. Bununla o, birbaşa İran məsələsində Vaşinqton və Brüsselin yeritdiyi siyasətə qarşı gedir. Ekspertlər bütün bunlara görə hesab edirlər ki, gürcü hökuməti yalnız ikinci dərəcəli məsələlərdə Kremllə dil tapmağa çalışacaq. Əsas olaraq isə Qərbin maraqlarına uyğun davranacaq.

Bunların fonunda Gürcüstanda keçiriləcək prezident seçkisinin bir çox aspektdə çətin keçəcəyini proqnozlaşdırırlar. Rusiyanın inteqrasiya ilə bağlı tutduğu mövqe Gürcüstan üçün həmin səbəbdən risk mənbəyi sayıla bilər.

Tbilisinin işini çətinləşdirəcək digər səbəb Ermənistanla bağlıdır. Rəsmi İrəvanın sistemsiz, əsassız və qeyri-ardıcıl xarici siyasətinə Gürcüstanın uyğunlaşması olduqca mürəkkəb məsələdir. Bu mənada hesab etmək olmaz ki, Tbilisi İrəvana strateji tərəfdaş kimi baxsın. İranda vəziyyət gərginləşdikdə isə Cavaxetiya probleminin aktuallaşdırılacağı gözləniləndir. Gürcüstanda prezident seçkisi ilə İran probleminin kəskinləşməsi zamanca üst-üstə düşsə, rəsmi Tbilisi üçün vəziyyət çox ağırlaşacaq. Bu həssas məqamdan hansı böyük dövlətin öz maraqları üçün istifadə edəcəyini zaman göstərəcək. Regionun geosiyasi mənzərəsi aspektində isə son dərəcə riskli bir vəziyyətin meydana çıxa biləcəyini demək olar.

Azərbaycan – Cənubi Qafqazın "yaşıl adası"

Bəzi dairələrin Azərbaycanda gərginlik yaratmağa cəhdlər etməsi sirr deyil. Lakin ölkə öz sabitliyi və inkişafını təmin etməkdədir. V.Putinin inteqrasiya ilə bağlı FTX-yə verdiyi son tapşırıq da Bakıda elə bir reaksiya doğurmadı. ABŞ ilə Aİ-nin azad ticarət zonası yaratmaq ideyasına eyni dərəcədə sakit reaksiya verildi. Səbəb nədir?

Məsələ ondan ibarətdir ki, Azərbaycan həmişə müstəqil siyasət yeridib. Bakı öz mövqeyini kənardan edilən hər hansı təsirə görə formalaşdırmır. Onun Qərb və Rusiya ilə münasibətləri əsaslandırılmış tarazlı siyasət kursu üzərində qurulub. Ölkə Rusiya və ABŞ-la yanaşı, Türkiyə və İranla da səmərəli əməkdaşlıq edir. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Türkiyədə hərbi əməkdaşlıqla bağlı yeni sazişləri müzakirə edir. Bundan bir qədər əvvəl isə Bakı Rusiyadan hərbi texnika və yeni silahlar alıb. Bu hadisələrin hər birini böyük dövlətlər anlaşıqlıqla qarşılayırlar. Eyni zamanda, region ətrafında yaranmış vəziyyət Azərbaycanı da düşündürür.

Cənubi Qafqazdakı destruktiv dairələrin region miqyasında sabitsizlik yaratmasını əngəlləmək üçün müəyyən addımlar atılmalıdır. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı bu baxımdan çox mühüm rol oynayır. İranda vəziyyətin gərginləşməsindən Azərbaycanın az zərər görməsi üçün lazım olan təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Xüsusilə, İrəvanın Qərblə Rusiya arasında tərəddüd etdiyi bir vaxtda daha diqqətli olmağa ehtiyac yaranıb.

Azərbaycan üçün bu il iki mühüm vəzifənin öhdəsindən gəlmək aktual ola bilər. Birincisi, regionun bəzi ölkələrinin ziddiyyətli xarici siyasətindən qaynaqlanan riskləri öz təhlükəsizliyini təmin etmək aspektində aradan qaldırmağa ehtiyac yaranar. İkincisi, payızda keçiriləcək prezident seçkisində təxribat törətməkdə və onu gözdən salmaqda maraqlı olan dairələrin fəallaşmasına hazır olmaq lazım gələr. Hər iki istiqamətdə Bakının uğur qazanacağına şübhə yoxdur. Lakin elə geosiyasi məqamlar var ki, daha çox qlobal miqyasda gedən proseslərdən asılıdır. Bu mənada Azərbaycanın müstəqil dövlət kimi təhlükəsizliyi məsələsi xeyli aktual görünür.

Bütün bunlar Cənubi Qafqazın geosiyasi aspektdə əhəmiyyətli bir mərhələyə qədəm qoyduğunu göstərir. Qərblə Rusiya arasında vurnuxan Ermənistan və geosiyasi seçimində düzəlişlər etməyə çalışan Gürcüstan regionda risk mənbəyinə çevriliblər. İran probleminin daha da aktuallaşması ilə bölgənin yeni səviyyədə mübarizə meydanına çevrilməsi ehtimalı mövcuddur.

O halda həm regionun, həm də orada yerləşən dövlətlərin təhlükəsizliyinin təmini məsələsi ön sıraya çıxmış olur. Etiraf etmək lazımdır ki, hələlik bu kontekstdə konkret tənzimləmə meyarları işlənməyib. Beynəlxalq təşkilatların bununla əlaqəli hansısa səmərəli təklifi də gözə dəymir. Əslində təcrübə göstərir ki, bu kimi situasiyalarda onlar gözləmə mövqeyini tuturlar. Yaxud da praktiki səmərəsi olmayan diplomatik addımlar atırlar. Odur ki, təhlükəsizlik məsələsində əsas işlərin region dövlətlərinin üzərinə düşəcəyini proqnozlaşdırmaq olar.

Yaxın perspektivdə isə Cənubi Qafqaz ölkələri üçün milli dövlətçiliyin inkişafı ilə təklif edilən müxtəlif regional inteqrasiya modelləri arasında uyğunluğu təmin etməyin əsas vəzifə olacağını demək mümkündür. Onlardan hansını seçməyin daha səmərəli ola biləcəyini indidən təsdiq etmək xeyli çətindir. Lakin dövlətin öz suverenliyini ilk sıraya qoymasının əsas şərt olaraq qəbul edilməsi zərurətinə inanırıq. Bu mənada həmin şərtə uyğun olan inteqrasiya modelinə üstünlüyün verilməsi daha doğru olardı.

Newtimes.az