“Ordumuzu nüfuzdan salanları qınayıram” MÜNASİBƏT

10 Mart 2013 14:44 (UTC+04:00)

Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin və xalqın qarşılaşdığı problemlər digər sahələrlə yanaşı, ordumuzun formalaşma prosesini də ləngitmişdir. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra imzalanan müvəqqəti sülh müqaviləsi Azərbaycanda müxtəlif problemlərlə yanaşı, ordunun formalaşması üçün də imkan yaratdı. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov müxalifətin bu gün "Əsgər ölümlərinə son!" şüarı altında planlaşdırığı qanunsuz aksiyaya münasibət bildirərkən deyib.

S.Hüseynovun sözlərinə görə, Cənab Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müasirləşməsi istiqamətində atdığı addımlar paralel şəkildə ordumuzda da özünü göstərdi: "Azərbaycan ordusu dünyada aparılan sülhyaratma əməliyyatlarında iştirak etməklə, antiterror əməliyyatlarına qatılmaqla öz müasirliyini və gücünü təsdiq etdi. Təbii ki, ordu da cəmiyyətin bir hissəsidir, cəmiyyətdə, sosial həyatda olduğu kimi orduda da müxtəlif problemlər olur. Bu problemlər təkcə Azərbaycan ordusunda deyil bütün dünyanın ən güclü ordularında belə vardır. Çünki hər bir ordu müxtəlif psixologiyaya sahib ən çılğın qrup olan gənclərdən təşkil olunmuşdur. Misal üçün deyim ki, rəsmi məlumatlarda ötən il NATO standartlarına uyğun dünyanın ən möhtəşəm ordularından olan qardaş Türkiyə ordusunda intihar edən əsgər sayı, döyüşlərdə həlak olan əsgərlərdən daha çox olub".

YAP GB Ofisinin rəhbəri bu mənada hesab edir ki, bu gün Azərbaycan ordusunda olan və hər birimizi narahat edən əsgərlərin intiharları, qeyri-müəyyən şəraitdə ölüm halları bizdə də təəssüf doğurur: "Bunun qarşısını almaq və belə halları azaltmaq məqsədi ilə dövlət tərəfindən böyük işlər görülməkdədir. Lakin bəzi hərəkatlar, qara qüvvələr vardır ki, onlar 22 ildir səngərdə olan qəhrəman Azərbaycan ordusunun nüfuzuna xələl gətirmək üçün bu əsgər ölümlərindən yararlanırlar. Mən birmənalı olaraq bir gənc kimi, ordumuzu nüfuzdan salmağa yönələn belə halları qınayıram və o insanları ordumuzda baş verən belə hallara ictimai qınaq məqsədi ilə daha yaxşı yollar axtarmağa səsləyirəm. Bu ön xətdə yerləşən hərbi hissələrə təşkil edilən səfərlər, əsgərlərimizlə mütəmadi görüşlərimiz ola bilər. Aktiv döyüş şəraitində xidmət aparan Azərbaycan ordusunu nüfuzdan salmağa yönələn hər bir hərəkət dövlətə, millətə qarşı yönəlmiş hərəkətdir".