Azərbaycan qanunları iranlıları qorxutdu

9 Mart 2013 10:54 (UTC+04:00)

İranın Azərbaycandakı səfirliyi ölkəmizə səfər edəcək ölkə vətəndaşlarına problemlərlə üzləşməmək üçün tövsiyələr verib. Səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Seyid Möhsün Molayi rəsmi xəbər agentliyi olan İRİB-ə bildirib ki, xüsusilə də viza və dərman preparatlarının saxlanılması, daşınması qaydaları ilə yaxından tanış olmaq lazımdır: "Narkotik maddələr və hətta, bəzi ağrıkəsici dərmanlarla bağlı Azərbaycan qanunları son dərəcə kəskindir. Bəzi ölkələrdə yüngül cinayət hesab olunan və cərimə ödəməklə öz həllini tapan məsələlərlə bağlı Azərbaycanda bir neçə il həbs cəzası mümkündür. Bir çox ölkələrdə xarici ölkə vətəndaşlarının qanunsuz olaraq ölkəyə daxil olmaları nağd cərimələrin ödənməsi və ya digər yüngül cəza tədbirləri və sonda həmin şəxsin ölkədən deportasiya edilməsi ilə nəticələndiyi halda, Azərbaycan Respublikasında bu kimi hallar üçün nisbətən ağır cəza tədbirləri nəzərdə tutulub və həmin şəxsləri uzun müddətli həbs gözləyir".

Konsul əlavə edib ki, 1 aylıq verilən vizalarda ölkədə qalma müddəti gün olaraq qeyd olunur: " Misal üçün 30 gün. Amma bəzi ayların 31 gün olduğunu nəzərə aldıqda hesablamada bəzi yanlışlıqlar yaranır və belə olanda əlavə cərimə ödəmək lazım gəlir. Beynəlxalq qanunlar və bir sıra digər ölkələrdə ənənə xarakterin almış qaydalara zidd olaraq, Azərbaycanda vizanın etibarlılıq müddəti elə vizada qeyd olunan gün qədərdir. Yəni, misal üçün bir aylıq vizaya və 30 gün ölkədə qalmaq icazəsinə malik olan şəxs vizanı aldıqdan 10 gün sonra bu ölkəyə səfər edirsə, qanuna əsasən ölkədə 30 gün qalmaq icazəsinə malik olmalıdır. Amma Azərbaycanda mövcud olan ənənəyə görə, həmin şəxs yalnız 20 gün bu ölkədə qalmaq icazəsinə malikdir. Yəni bu ölkədə qalma müddəti şəxsin ölkəyə daxil olduğu gündən yox, vizanın verildiyi gündən hesablanır".

Molayinin sözlərinə görə, bununla bağlı Azərbaycanın əlaqədar qurumları ilə yazılı və şifahi müzakirələrin aparılmasına baxmayaraq, məsələ həll edilməyib.