Asif Məmmədov: "Əslində gözləyirdim ki..."

9 Mart 2013 10:13 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında fevral ayının ən yaxşı qolu müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytının azarkeşlər arasında keçirdiyi sorğuda "İnter"in futbolçusu Asif Məmmədov bütün rəqiblərini qabaqlayıb. Belə ki, onun "Xəzər Lənkəran"ın qapısından keçirdiyi qol fevralın ən yaxşısı adına layiq görülüb. Açıqlama verən futbolçu vurduğu qolun ən yaxşısı seçilməsinə fikir bildirib: "Əslində gözləyirdim ki, məhz "Xəzər Lənkəran"ın qapısına vurduğum qol ən yaxşı qol seçiləcək. Bildirmək istərdim ki, digər 4 qol da çox gözəl vurulmuşdu. O qollar arasında "Neftçi"nin futbolçusu Rəşad Sadiqovun "Simurq"un qapısına vurduğu qolu xüsusilə qeyd etmək istərdim. "Xəzər Lənkəran"ın qapısına vurduğum qol komandamız üçün çox vacib oldu. Uzaqdan zərbə endirməyə qərar verdim və daha sonra topun qapı xəttini keçdiyini gördüm. Etiraf edim ki, qolun bu qədər gözəl alınmasını gözləmirdim. Lakin bununla kifayətlənmək istəmirəm. İnşallah, bu qolun ardı gələcək və "İnter"ə fayda verməkdə davam edəcəyəm".