"İsrail Türkiyədən üzr istəməlidir"

8 Mart 2013 15:25 (UTC+04:00)

Türkiyə XİN "Mavi Mərmərə" hücumu ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib

İsrail "Mavi Mərmərə" hücumuna görə, Türkiyədən üzr istəmədikcə, iki ölkə arasında diplomatik əlaqələr donmuş vəziyyətdə qalacaq. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Yəmənin Dostları" adlı beynəlxalq konfransda iştirak etmək üçün səfər etdiyi Londonda bəyan edib. Türkiyəli nazir ölkəsinin hücumdan sonrakı mövqeyinin hələ də dəyişməz qaldığını bəyan edib.

"Biz İsraildən pul istəmirik. Amma təzminat vacibdir, çünki beynəlxalq əlaqələrdə cavabdeh olduqlarını bilməlidirlər. Əgər regional istiqrar mövcuddursa, İsrail də bu sahədə digər ölkələrlə bərabər olduğunu anlamalıdır. Beynəlxalq sistemdə yuxarıdan aşağı baxmamalı və ayrıseçkilik etməməli olduqlarını bilməlidir. Bu bizim üçün milli heysiyyat məsələsidir. İsrailin bölgənin yeni dinamikasını anlayacağına ümid edirəm. Əks halda, yeni regional ab-havada məğlub olar. Bölgədəki yeni demokratik hökumətlər xaricdən gələn tövsiyələrin əvəzinə, öz xalqlarına QULAQ asmaq məcburiyyətindədir." - sitatın sonu.

Əhməd Davudoğlu "Mavi Mərmərə" hücumunu ABŞ-da 11 sentyabr terror aktına bənzədilməsinə də münasibət bildirərək deyib ki, Amerika cəmiyyəti Türkiyənin bu hücumla bağlı duyğularını başa düşdüyü üçün belə bir bənzətmə edir.

Xatırladaq ki, Türkiyənin 2010-cu ilin mayında "Azadlıq donanması"nın tərkibində Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisi İsrailin silahlı hücumuna məruz qalmış, nəticədə Türkiyə vətəndaşı olan 9 sülh fəalı öldürürülmüşdü.