Bu gün "SƏS" Media Holdinqin kollektivi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirib. SİA-nın verdiyi məlimata görə, tədbirdə çıxış edən Holdinqin rəhbəri Bəhruz Quliyev ilk olaraq xanımları təbrik edib: "Beynəlxalq qadınlar günü, qadın bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. Sizə ailə səadəti, xoşbəxtlik arzulayıram. Bu gün siz həmişəkindən daha gözəlsiniz. Çünki bu bayram yurdumuza baharın, Novruzun gəlişi ərəfəsində qeyd olunur. Təbiət kimi insanlar da oyanır, yeni nəfəs gəlir, yeni il gəlir. Belə bir gün sizin gözəl, təravətli olmağınız təbiidir".
Daha sonra Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi böyük önəmdən danışıb: "Xalqımızın ümummilli lideri Heydər Əliyev bu əlamətdar gün münasibəti ilə etdiyi çıxışlarında deyirdi ki, siz qadınlar bu bayramı həmişə səbirsizliklə gözləyirsiniz. Amma bilin ki, biz də bu bayramı səbirsizliklə gözləyirik. Ona görə ki, bu bayramda kişilər qadınlara həmişə xüsusi diqqət göstərirlər, qadına olan hörmətli münasibətini daha da nümayiş etdirmək istəyirlər. Qadınlara mütləq hədiyyə bəxş edirlər, güllər verirlər. Onları bəlkə də əvvəlki vaxtlardan çox sevirlər.
B.Quliyev əlavə edib ki, Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. XX əsrin əvvəllərindən və xüsusən 20-ci ildən sonra Azərbaycanda qadınların azadlığa çıxması, tam müstəqil olması, qadınlarla kişilərin hüquqlarının bərabərləşməsi üçün və qadınlara cəmiyyətdə öz istedadlarını nümayiş etdirmək üçün, həyatın müxtəlif sahələrində çalışmaq, zəhmət çəkmək üçün və beləliklə də qadının nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün imkanlar yaranıbdır.
Bu gün Azərbaycanın bir çox sahələrdə seçilən, dünyada nümunə göstəriləcək xanımları var. Bunlardan biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. O, bütün fəaliyyətində Azərbaycanı təbliğ edir. Ölkəmizin adını ucalara qaldırır. Biz fəxr edirik ki, Azərbaycan qadınları bütün sahələrdə millətimizin inkişafına böyük töhfələr verirlər. Bir daha bütün xanımlarımızı 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm. Hər birinizə ailə səadəti, xoşbəxtlik arzu edirəm.
Daha sonra Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev SƏS Media Holdiqdə çalışan qadınların timsalında bütün Azərbaycan xanımlarını təbrik edib: "Azərbaycanın bütün qadınlarına səadət arzulayıram. Səadət anlayışı qadın üçün çox böyük, geniş anlayışdır. Hər bir qadın istəyir ki, xoşbəxt olsun, o, səadətə nail olsun. Mən bunu arzulayıram. Azərbaycanın bütün qadınlarına cansağlığı, bütün işlərində uğurlar arzulayıram. Sizlərə günü-gündən gözəl olmağınızı arzu edirəm".
Xanımları təbrik edən "Səs" qəzetinin baş redaktorunun müavini Valeh Məhərrəmli bildirib ki, xanımlarımıza aid kiçik, amma böyük məna tutumlu şeir həsr edəcək: "Dəyərli xanımlarımız sizləri səmimi qəlbdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı, ailə səadəti arzu edirəm".
Biz də bu təbrkilərə qoşularaq bütün Azərbaycan xaımlarını əlamətdar gün münasibəti ilə təbrik edirik.
Sonda fikrimizi qadınlar haqqında deyilmiş aforizimlə yekunlaşdırmaq istəyirik. "Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir".