Elçin Hüseynov: “Ermənistanın təbliğat maşını bizimlə rəqabətə dözə bilmir”

7 Mart 2013 09:36 (UTC+04:00)

Azərbaycanda keçirilən beynəlxalq konfransların böyük əhəmiyyəti vardır. Bunlardan biri də fevralın 25-də prezident İlham Əliyevin rəhbərliyi ilə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin Şurası idi. Bunu SİA-ya Trend İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov deyib.

Onun sözlərinə görə, Sovet rejimi dağıldıqdan sonra hər bir ölkə öz siyasi xətti üzrə inkişaf edib və nailiyyətlər əldə edib: "Azərbaycanın da son 20 il ərzində digər ölkələrə nisbətən çox böyük nailiyyətləri və inkişafı olub. Bu inkişafı ölkəmizə gələnlər və reallıqları öz gözləri ilə görənlər daha aydın dərk edir. Bəs, gəlin görək, son 20 il ərzində jurnalistlərin əsas problemi nədən ibarət olub? Məsələ bundadır ki, jurnalistlər Azərbaycanda olan inkişafı düzgün şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıdırlar. Təbii ki, biz də əlimizdən gələni edirik. Əlbəttə problemlər də olub və bunun aradan qaldırılması istiqamətində səylərimizi davam etdirmişik. Azərbaycan bu illər ərzində böyük təcrübə qazanıb. Məhz bu cür konfranslar vasitəsilə xaricdə olan həmkarlarımızla müzakirələr aparırıq. Çünki insanlar bir-birlərini tanıdıqdan və tərəfdağlıq əlaqələrini qurduqdan sonra artıq sıx əməkdaşlığa başlayırlar. Bununla da problemlərin müəyyən qismi həll olunur. Problemlər isə Azərbaycanda düzgün faktlara söykənən məlumatları xaricə çatdırmaqdan ibarətdir. Trend İnformasiya Agentliyi də 1995-ci ildən bu fəaliyyətini aparır. Biz artıq həm regionda həm də dünyada tanınmış informasiya agentliklərindən biriyik. Dünyada 50-yə yaxın informasiya agentlikləri, portalları, qəzetləri, təşkilatları ilə partnyorluq əlaqələrimiz mövcuddur".

E.Hüseynov hesab etmir ki, erməni informasiya agentlikləri dünyada öz sözünü deyə bilir: "Artıq Azərbaycanda xeyli sayda informasiya agentlikləri, xəbər portalları, qəzetlər, televiziyalar vardır. Buların əsas məqsədi isə həmin erməni tərəfindən gələn təbliğata qarşı əks-təbliğat aparmaq və dünya ictimaiyyətinin diqqətinə Azərbaycanda olan real həqiqətləri çatdırmaqdır. Son illər ermənilər artıq özləri də bunu açıq-aşkar şəkildə bəyan edirlər ki, biz Azərbaycanla bacarmırıq. Həm siyayət, həm də informasiya sahəsində biz artıq xeyli müddətdir ki, erməniləri üstələməkdəyik. Biz yeni vasitələrdən istifadə edərək təcrübə toplamışıq. Trend İnformasiya Agentliyi 5 dildə - Azərbaycan, rus, ingilis, fars və ərəb dillərində ölkə reallıqlarını dünyaya çatdırır. Bizim əməkdaşlar il ərzində dəfələrlə beynəlxalq konfranslarda iştirak edir və şirkətimizə beynəlxalq təşkilatlardan səfərlər təşkil olunur. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları mütəmadi olaraq onların diqqətinə çatdırırıq. Bu gün artıq deyə bilərik ki, Ermənistanın təbliğat maşını bizimlə rəqabətə dözə bilmir".