Bu gün millət vəkili Qənirə Paşayeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları üçün tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə həmçinin millət vəkilinin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən "Həyata küsmə" albomun təqdimat mərasimi də baş tutub.
İlk olaraq çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sözləri ona məxsus mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb: "Onlardan biri sözləri mənə, musiqiləri isə əməkdar artist Elza Seyidcahana məxsus olan "Həyata küsmə" albomudur. Alboma 11 mahnı daxildir. Bu mahnılardan 6-na çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəklində albomda öz əksini tapır. Son olaraq bütün qadınlarımızı bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm".
Tədbir əməkdar artist E. Seyidcahanın şəhid ailələri üçün hazırladığı xüsusi konsert proqramı ilə davam edib. Albomun satışından əldə olunan gəlir Respublika Şəhid Anaları Cəmiyyətinə bağışlanılıb.
Qeyd edək ki, albomda yer alan mahnıları müğənni-bəstəkar Elza Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər.