Ötən il Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və diplomatik nümayəndəliklərinin saxlanmasına 47 milyon manatdan çox vəsait ayrılıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatında qeyd olunub. Həmçinin dövlət investisiya xərcləri hesabına Azərbaycanın xarici ölkələrdə səfirliklər üçün bina almasına, tikintisinə, inventarla təchiz olunmasına, eləcə də mədəniyyət mərkəzləri üçün inzibati binalarının alınmasına 133 milyon manat vəsait ayrılıb.
Azərbaycanın 100-dən artıq beynəlxalq təşkilata üzvlük haqlarının ödənilməsi və ya onların artırılması ilə bağlı məsələlər həllini tapıb və 2012-ci ildə beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər 9,3 milyon manat təşkil edib. Ötən il Azərbaycanda beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 75,8 milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan təbii və texnogen fəlakətlərlə üzləşən ölkələrə də müxtəlif yardımlar edib. Ötən il ərzində ölkəmizin humanitar yardım etdiyi ölkələr sırasında Rusiya, İran, Fələstin, Somali, Burkina Faso, Çad, Qəmər Adaları və İordaniya (suriyalı qaçqınlar) daxildir. Əfqanıstanda elektron xidmətlərin yaradılmasına, Malidən kütləvi qaçqın axını nəticəsində yaranmış qida çatışmazlığı təhlükəsinin aradan qaldırılması üçün Burkina Fasoya, Çadda görmə qabiliyyətini itirmiş insanlar üçün cərrahiyyə əməliyyatının həyata keçirilməsinə və Qəmər Adalarına maliyyə yardımları göstərilib.