Vitse-spiker: "AŞPA çərçivəsində müzakirələr aparılır"

6 Mart 2013 12:12 (UTC+04:00)

"Avstriya parlamentində Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi üçün AŞPA çərçivəsində müzakirələr aparılır. Digər Avropa ölkələrində olduğu kimi, Avstriya parlamentində də Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi üçün AŞPA-da azərbaycanlı həmkarlarla mütəmadi müzakirələr aparırıq". SİA-nın xəbərinə görə, bunları jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Avstriya parlamentinin vitse-spikeri Fridz Noqebaur deyib. O, bildirib ki, AŞPA iclasları çərçivəsində bununla bağlı çox ciddi debatlar təşkil olunur və məsələ ilə bağlı müzakirələr gedir. Vitse-spiker eyni zamanda iki gündür Bakıda keçirdiyi görüşlərin nəticələrindən də danışıb.

Onun sözlərinə görə, iki gün ərzində yüksək səviyyəli görüşlər baş tutub: "Bu görüşlərin iki ölkə arasında bəzi layihələr üçün, xüsusilə parlamentlərarası əlaqələrin inkişafı üçün ciddi əhəmiyyəti var".

Qeyd edək ki, F. Noqebaurun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Bu gün eyni zamanda Avstriya parlamentarilərinin Milli Məclisdə bir sıra görüşləri baş tutacaq.

Samirə Abdullayeva