Ermənilər qara-qara düşünür

5 Mart 2013 15:46 (UTC+04:00)

Yerevanda Sarkisyanın yenidən prezident seçilməsinə qarşı keçirilən etirazlar aksiyaları artıq bütün ölkəni bürüyüb. Hətta insanlar saxta seçkini tanıyan və dəstəkləyən dövlətlərin Ermənistandakı diplomatik nümayəndəlikləri qarşısına toplaşaraq etirazlarını dilə gətirirlər.

Biz inandıq, siz dəyişmədiniz

ABŞ prezidenti Barak Obamanın Sarkisyanı ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik etməsi də müxalifətin etirazına səbəb olub. ABŞ-ın Yerevandakı səfirliyi qarşısında toplaşan fəallar "Obama kimi təbrik etməli olduğunu erməni xalqından soruşmalıdır", "Bizdən inanmağımızı istədiniz, lakin dəyişmədiniz" kimi şüarlarla çıxış ediblər.

"İrs" partiyasından olan müxalifət lideri Raffi Ovannisyan isə, Amerika səfiri Con Hefernə yazdığı məktubunda prezident seçkilərinin saxtalaşdırıldığını və buna qarşı etirazların hələ ki, davam etdiyini bildirib. Onun sözlərinə görə, Obama Sarkisyanı təbrik etməklə seçkilərin nəticələrinin tanınmasına işarə etmək istəyir.

Seçici və müşahidəçilərə güc tətbiq edilib

"Amnesty International" da Ermənistanı prezident seçkiləri ilə bağlı insan hüquqlarının pozulması hallarını araşdırmağa çağırıb. Qurumun bəyanatında deyilir ki, "Amnesty İnternational" seçici və müşahidəçilərin qorxudulması və onlara qarşı güc tətbiq edilməsi barədə məlumatlar almışdır və Ermənistan hakimiyyət orqanlarının bəzi hallarda adekvat müdafiəni, pozulma hallarının operativ və adekvat araşdırılmasını təmin edə bilməməsindən narahatlıq keçirir.

Bəyanatda vurğulanıb ki, Ermənistanın hakimiyyət orqanları jurnalistlərə təhdidsiz və təqibsiz işləmək, habelə vətəndaşların insan hüquqları pozulmadan onlara öz siyasi hüquqlarını həyata keçirmək imkanı verməlidir.

Dünya KİV-lərinin daha əvvəl yerli polisə istinadən yaydıqları məlumata görə, seçki məntəqələri bağlandıqdan sonra səsvermə qaydasının pozulması ilə bağlı 70 məlumat daxil olmuş, o cümlədən seçki məntəqələrində rüşvətxorluq halları qeydə alınmışdır.

Növbəti 5 il yaxşı heç nə vəd etmir

Ermənilər Serj Sarkisyandan hakimiyyəti xalqa təhvil verməyi tələb edirlər. Ölkədəki saxtakarlıqdan, özbaşınalıqdan, işsizlikdən bezən insanlar artıq Ermənistanda ədalətin bərpa olunacağına, iqtisadi böhranın aradan qalxacağına, əhalinin sosial rifahının yaxşılaşacağına inanmır. Ölkənin tanınmış müxalifət liderləri, mədəniyyət və ictimai xadimləri də açıq şəkildə etiraf edirlər ki, Ermənistan uçuruma yuvarlanır və insanlar heç bir gələcək vəd etməyən bu ölkədə yaşamaq və qalmaq istəmirlər. Ermənistanı bürüyən sosial-iqtisadi problemlərin nəticəsi olaraq ölkədə həyat getdikcə maraqsızlaşır. Ölkənin iqtisadi çöküşünün əsas səbəblərindən biri də Azərbaycan torpaqlarının işğalı faktıdır. Qonşu Azərbaycanla müharibə şəraitində olan, əsassız uydurma soyqırımı iddiaları ucbatından Türkiyə ilə gərginlik yaşayan və bu kursu israrla davam etdirən (və ya buna yönləndirilən) Sarkisyanın növbəti 5 illik hakimiyyəti Ermənistan üçün yaxşı bir şey vəd etmir.

İnsanların xaricə axını daha da sürətlənir

Xüsusilə Dağlıq Qarabağ münaqişəsi istiqamətində heç bir irəliləyişin olmaması Ermənistan cəmiyyətini bezdirib və insanlar arasında dərin, eyni zamanda gərgin psixoloji mühit yaradıb. Müharibədən "qələbə" ilə çıxdıqları fikrini zorla millətə sırımaq istəyən Sarkisyan iqtidarının bütün cəhdləri iflasa uğrayıb. "DQR parlamenti"nin üzvü Vaan Badasyan da etiraf edir ki, müharibədən 20 il ötsə də, ermənilər hələ də məğlub kimi yaşayırlar. Çünki atəşkəs elan olunduqdan sonra Ermənistan hansı vəziyyətə gəldiyini görməmək mümkün deyil. Bütün problemlər, aclıq, səfalət insanları başqa addımlar atmağa məcbur edir.

Münaqişəsinin həlli uzandıqca, Ermənistan dövlət və xalq olaraq daha da batır, insanların isə xarici ölkələrə axını daha da sürətlənir.

Əhalinin 30 faizdən çoxu ifrat yoxsulluq həddindədir

Çıxılmaz vəziyyətdə qalan Ermənistana növbəti zərbə ölkəyə humanitar yardım göndərən donor ölkələri tərəfindən olub. Belə ki, donor ölkələr Ermənistana humanitar yardımı kəskin dərəcədə azaldıb. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar ayında Ermənistana cəmi 240 ton yardım daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 10 dəfə azalıb. Yardımın kimə, necə və nə vaxt paylanması isə tam məxfi saxlanılır.

Bu ilin yanvar ayında təkcə ABŞ-dan Ermənistana göndərilən yardımın həcmi cəmi 337 min dollar təşkil edib. Bu, keçən ilin yanvarı ilə müqayisədə 5 dəfədən də azdır.

"Röyter" agentliyinin yaydığı məlumata görə, hazırda Ermənistan əhalisinin 30 faizindən çoxu ifrat yoxsulluq səviyyəsində yaşayır. Ermənilər indidən qara-qara düşünürlər ki, bu humanitar yardımlar ümumiyyətlə kəsiləndən sonra onların taleyi necə olacaq?