BMT-nin Bakı ofisində gender bərabərliyindən danışılıb

5 Mart 2013 13:13 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti (UNDPİ), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə BMT-nin Bakı ofisində jurnalistlər üçün gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, habelə bu sahədə BMT agentliklərinin gördükləri işlər ətrafında təqdimat və müzakirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BMT QAK-ın ölkə üzrə nümayəndəsi Dag Sigurdson, BMT İİD-in ölkə üzrə nümayəndəsi Envera Selimovic, BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev, BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva və s. qonaqlar iştirak edib.

Tədbirin keçirilməsində isə əsas məqsəd media nümayəndələrini dünyada qaçqın və məcburi köçkünləri himayə edərək dəstəkləyən, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin edən beynəlxalq təşkilat haqqında məlumatlandırmaq və eyni zamanda, qarşıdan 8 mart Beynəlxalq qadınlar gününün gəldiyini nəzərə alaraq yerli media nümayəndələrini gender bərabərliyi və qadınlara qarşı zorakılığın aradan qaldırılması mövzusunda marifləndirməkdir.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva bildirib ki, Azərbaycanda "Məişət zorakılığı haqqında" qanun qəbul edilib: "Hazırda bu qanunla bağlı BMT-nin tədbirlər planının hazırlanması üzərində işlərin aparıldığını bildirən proqram müşavirinin sözlərinə görə, qadın problemləri, gender problemləri yalnız qadının problemləri deyil. Bu, dövlətin problemi olduğu üçün bu sahədə də tədbirlər görülməlidir".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəsi Dag Sigurdson isə bildirib ki, Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təbliğatı aparılmalıdır: "BMT QAK-ın dünyanın hər yerində apardığı işlərdə qadınlar xüsusi diqqət mərkəzində saxlanılır. Bu gün Azərbacanda 600 mindən artıq məcburi köçkün var. BMT QAK Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq etməklə onların problemlərinin həllinə çalışır. BMT QAK və ya hansı BMT qurumu qadınların və ya əhalinin bir qrupunun probleminin həlli üçün məsul orqan deyil. Biz hər 2 ildən bir məcbur köçkün və qaçqınlarla birgə onların problemlərini müzakirə edirik".

Tədbir zamanı BMT QAK və BMT-nin Əhali Fondunun adı çəkilən mövzular ətrafında təqdimatında çıxış edərək, bu mövzuların mətbuatda işıqlandırılması məqsədilə jurnalistlərin suallarını cavablandırılıb.