"Prezident Mixail Saakaşvilinin bu bəyanatları Gürcüstan hökumətinin Avropaya və Avroatlantika məkanına inteqrasiya kursuna ziddir". SİA xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxış edib.
Baş nazir Saakaşvilini son günlər bir neçə dəfə məsuliyyətsiz bəyanatlar verməkdə günahlandırıb: "Bu ilin oktyabrında Saakaşvilinin prezidentlik müddəti başa çatır. O dövrə kimi prezident öz təşəbbüsü ilə hərəkət edir, onun səfərləri Xarici İşlər Nazirliyi ilə koordinasiya olunmur və verdiyi bəyanatlar Gürcüstan hökumətinin mövqeyini əks etdirmir. Cənab Saakaşviliyə ölkənin yeni hökuməti üçün əlavə problemlər yaratmamağı məsləhət görürəm. Biz buna təəssüf edir və prezidentin bəyanatından xoşagəlməz vəziyyətə düşən ölkələrdən üzr istəyirik".
Lakin baş nazir söhbətin konkret olaraq prezidentin hansı bəyanatından getdiyini deməyib.