Dünyanın ən varlı adamları

5 Mart 2013 09:38 (UTC+04:00)

Məşhur "Forbes" jurnalı dünyanın ən varlı adamlarının növbəti reytinqini dərc edib. SİA-nın verdiyi xəbərə görə, bu il də dünyanın ən varlı adamı adını meksikalı telekommunikasiya maqnatı Karlos Slim özündə saxlayıb. Onun sərvəti 73 milyard dollar təşkil edir. Ondan sonra reytinqdə "Microsoft"un qurucusu Bill Geytsin adı gəlir (67 milyard dollar). Üçüncü yerdə ispaniyalı biznesmen "Inditex" biznes-qrupunun qurucusu və keçmiş prezidenti Amansio Orteqadır (57 milyard).

Jurnalın dərc etdiyi materiala görə, dünya milyarderlərinin ilk yüzlüyündə IT sahəsinin xeyli nümayəndəsi var. Onlarına sırasında "Oracle"ın baş direktoru Larri Ellisonu (5-ci yer, 43 milyard dollar), "Amazon.com" un baş direktoru Ceff Bezos (19-cu yer, 25 milyard 200 milyon), "Google"un qurucuları Larri Peyc (20-ci yer, 23 milyard) və Sergey Brin (21-ci yer, 22 milyard 800 milyon), "Facebook"un qurucusu Mark Tsukerberq (66-cı yer, 13 milyard 300 milyon) və başqaları var.

"Forbes"in reytinqinə daxil olan varlıları ümumi kapitalı 2013-cü ildə 5 trilyon 400 milyard dollar təşkil edib. Keçən il bu rəqəm 4 trilyon 600 milyard dollar idi. Bu il siyahıya 210 nəfər əlavə olunub. İndi siyahıda 1426 nəfər var.

Ən çox milyarder ABŞ-dadır – 442 nəfər. İkinci yerdə Asiya (386), üçüncü yerdə isə Avropadır (366 nəfər).