Bu gün Bədən Tərbiyəsi və İdman günüdür

5 Mart 2013 09:56 (UTC+04:00)

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Siasport.az saytının məlumatına görə, bu tarix Prezident İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən "İdman ili" elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.

2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Pekin Oimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi.

Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.

Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu fikri indi böyük fəxrlə söyləmək olar. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya İdman Komleksləri indi bölgə idmanının inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonda belə idman kompleksləri inşa olunmaqdadır. Bu proqram davamlı şəkildə icra olunur. Mingəçevirdəki beynəlxalq avarçəkmə mərkəzi öz fəaliyyətini müasir səviyyədə bərpa edib. Burada mehmanxana, idman qurğuları, üzgüçülük hovuzu yaradılıb. Mərkəz avarçəkmə idman növünün, turizmin inkişafına böyük töhfə verir. İndi bura öz gözəlliyi ilə fərqlənən beynəlxalq avarçəkmə bazasıdır. Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir.

Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Yaddaqalan hadisələrdən biri də Bakıda Tennis Akademiyasının açılışı oldu.

Qusarda yaradılan qış-yay, dağ idmanı turizm kompleksi isə idmanın bu sahəsinin inkişafına əhəmiyyətli töhfədir. Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır.

İdmançıların maddi rifah halının, sosial təminatının gücləndirilməsi, onların fəxri adlarla təltif olunması da dövlətin diqqətindədir. 2009-cu il fevral ayının 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı da dövlətimizin idman ictimaiyyəti və idmansevərlərə hədiyyəsi oldu. Bu 3 ildə elə bir idman növü yoxdur ki, kanal onunla bağlı istər beynəlxalq, istərsə də ölkədaxili yarışlardan canlı yayımlar verməsin. Bu kanalda tamaşaçılara ən son idman xəbərləri, orijinal idman verilişləri təqdim edilir.