Həmsədrlər danışıqlar prosesini bərpa edə biləcəkmi?

4 Mart 2013 18:23 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri sadəcə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarını xilas etmək üçün çalışırlar. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın Parisdə keçirdiyi görüşdən sonra açıqlamasında Fransanın strateji araşdırmalar Fondunun mütəxəssisi, erməni əsilli politoloq Kayç Minasyan deyib.

Politoloq bildirib ki, Kazan görüşündən sonra danışıqlar prosesi demək olar ki, dalana dirənib. "Status-kvo"nun dəyişməsində hər iki tərəf maraqlıdır. Amma heş kim geri addım atmaq istəmir. Vəziyyətdən necə çıxmağın yolları da bilinmir. Fransa isə Kazan görüşündən sonra təşəbbüsü əlinə almağa çalışır. Tərəflərin ayrı-ayrılıqda görüşünü təşkil edir. Ermənistanla Azərbaycan arasında görüşün nə vaxt baş verəcəyini isə hələlik heç kim deyə bilməz.

Qeyd edək ki, Minsk qrupunun üzvləri hər iki ölkənin xarici işlər nazirləri ilə görüş keçiriblər. Yen Kelli (ABŞ), İqor Popov (Rusiya) və Jak Foorun (Fransa) nazirlərlə birgə görüşü hələlik təşkil olunmayıb.