Ermənilər qələbəyə inanmır

4 Mart 2013 16:39 (UTC+04:00)

Fevralın 18-də keçirilən seçkilərin rəsmi nəticələrinə əsasən 58.64 faiz səs toplayaraq yenidən prezident seçilən Serj Sarkisyan and içməyə hazırlaşır. Aprelin 9-da keçiriləcək inauqurasiya mərasimi günü Ermənistan hökuməti də tam tərkibdə istefaya gedəcək.

Nəticələr etibarsız sayılmalıdır

Ermənistanın İrs Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan isə tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, aprelin 9-da erməni xalqı qələbə qeyd edəcək. Ovannisyan qəti şəkildə bildirib ki, həyatı bahasına olsa da xalqın qazandığı qələbəni onlara ərməğan edəcək.

O, bildirib ki, Serj Sarkisyan və baş nazir Tiqran Sarkisyan Azadlıq meydanına gəlməli, məğlub olduqlarını xalqa etiraf etməlidirlər.

İrs Partiyasının sədri bildirib ki, martın 5-də nəinki İrəvanda, o cümlədən ABŞ-ın Los Angeles və digər şəhərlərində də mitinqlər keçiriləcək. "İrs" partiyasının lideri seçkilərinin nəticələrinin etibarsız sayılması üçün Konstitusiya Məhkəməsinə də müraciət edib.

Qarşıdurmalar davam edəcək

Əslində seçkidən sonra Levon Ter-Petrosyan, Robert Köçəryan, Qaqik Çarukyan və Raffi Ovannisyanın Sarkisyanı təbrik etməmələri ölkənin daxili ictimai-siyasi həyatında yaşanan ziddiyyətlərin daha da dərinləşəcəyindən xəbər verirdi. Bununla adı çəkilən siyasi xadimlər demək istəyirdilər ki, heç biri Sarkisyanın ədalətli seçki ilə qələbə qazandığına inanmır və onun hakimiyyətinin legitimliyini qəbul etmir.

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı yap.org.az saytına açılmasında söylədiyi kimi Ermənistanda böhran bütün sahələri əhatə edir və son prezident seçkilərinin saxtalaşdırılması bu böhranı daha da dərinləşdirir: "İşğalçı dövlətdə siyasi və sosial-iqtisadi böhran bütün cəmiyyətə sirayət edib. Belə bir şəraitdə seçkilərin saxtalaşdırılması qarşıdurmaları daha da artırıb".

Mübariz Qurbanlının sözlərinə görə, qərbyönümlü namizəd Ovannisyan özünün seçkidə qələbə qazandığını iddia etsə də, göründüyü kimi xaricdə bəzi dairələr Sarksyanı müdafiə edirlər: "Təbriklərin arxasında da onun hakimiyyətdə qalmasına dəstək amili dayanır. Böyük dövlətlər Sarksyanı təbrik edirlərsə, bu təbriklər ictimai rəydə müəyyən mənada sakitləşdirici rol oynamasına xidmət edir. Amma bütün bunlara baxmayaraq, işğalçı dövlətdə qarşıdurmanın davam edəcəyi gözlənilir. Bu seçkilərdən sonra Sarksyan öz yerini möhkəmləndirsə, Ermənistanda mühacirət daha da yüksələcək, narazı elektorat bu ölkəni tərk etməyə başlayacaq. Necə deyərlər, ermənilər ayaqla səs verəcəklər. Yəni insanlar Sarksyanın "qələbəsinə" ölkəni tərk etməklə münasibət bildirəcəklər".

Seçici sayı süni şəkildə artırılıb

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı açıqladığı üçüncü aralıq rəyində nəticələrin şübhə altına alındığı məqamlar da var.

Rəydə qeyd olunur ki, missiya MSK-nın açıqladığı rəsmi rəqəmləri analiz edib: "Analiz yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur. Bu fakt ümumilikdə seçki prosesinə əminliklə bağlı narahatlıq yaradır". Üçüncü aralıq rəydə açıq şəkildə yer almasa da, müşahidəçilər səsvermədə iştirak edən seçicilərin sayının süni şəkildə artırıldığına və artırılmış səslərin prezident Serj Sarkisyanın lehinə yazıldığına işarə vurub.

ATƏT DTİHB missiyasının seçkilərlə bağlı yekun rəyi təxminən iki ay sonra açıqlanacaq.

Sovet metodları burada keçməyəcək

İrəvanda martın 2-də keçirilən mitinqində Ermənistanın tanınmış ictimai xadimi Arkadi Vardanyan bildirib ki, hakimiyyət öz xalqı ilə mübarizə üçün xarici gücləri cəlb etməyə çalışır.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti saxtakarlıq üçün əvvəlcə beynəlxalq müşahidəçilərdən istifadə edib. İndi Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının qoşunlarını cəlb etməklə qüvvə metodlarını tətbiq etməyə çalışır: "Bu haqda general Şamanov bildirdi. Onlar SSRİ təcrübəsini xatırlamağa çalışırlar, amma sovet metodları burada keçməyəcək".

Siyasi ekspertlər düşünür ki, arxasında duran qüvvələr hətta erməni xalqını qanı bahasına da olsa, Sarkisyanın hakimiyyətdən getməsinə imkan verməyəcəklər və hakimiyyət əleyhinə başlayan mitinqlərdə xalq istəyinə çatmayacaq. Bütün hallarda Ermənistanda keçirilən seçkilər saxtalaşdırılsa da, hakimiyyəti dəyişmək mümkün olmayacaq. Xalq bir müddət etiraz etdikdən sonda geri çəkiləcək. Çünki xalqın bundan artığına gücü çatmır. Əgər bu aksiyalar ümumxalq etiraza çevrilirsə, o zaman Sarkisyanın repressiya maşını işə düşəcək, yəni 2008-ci ildə olduğu kimi tarix təkrar olunacaq. Artıq səfalət içində yaşan erməni xalqı ölkədəki ictimai-siyasi vəziyyətə təsir etmək gücünü çoxdan itirib. Az-çox gücü və imkanı olanlar isə əlindən olan hər şeyini satıb ölkədən qaçmaqla məşğuldur. Sarkisyan yaxşı bilir ki, erməni xalqı hakimiyyət üçün hər hansı təhlükə yarada bilməz.