BVF-nin missiyası nazirlə görüşüb

4 Mart 2013 14:52 (UTC+04:00)

Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan iqtisadiyyatında aparılan islahatlar, 2012-ci ilin yekunları üzrə makroiqtisadi vəziyyət, son illərin inkişaf meylləri, 2013-2017-ci illərdə Azərbaycanın əsas makroiqtisadi proqnozları barədə məlumat verib. Missiya üzvlərinə bildirilib ki, 2013-2017-ci illər ərzində iqtisadi artımı orta hesabla 5.1%, o cümlədən, qeyri-neft sektorunda 8% proqnozlaşdırır. Nazir qeyd edib ki, bu dövrdə orta illik inflyasiya 4.4% təşkil edəcək.

BVF-in Azərbaycan üzrə missiyası ilə görüşdə 2013-cü il üçün makroiqtisadi çərçivə, qeyri-neft sektorunun, xüsusilə özəl bölmənin inkişafı tədbirləri və s. məsələlər müzakirə edilib.

Görüşdə həmçinin, missiya üzvlərinin sualları cavablandırılıb, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.