Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə baş tutacaq "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalında iştirak etmək məqsədilə dünya şöhrətli rəqqas Joaquin Cortes Bakıya gələcək. Festival çərçivəsində martın 18-də Heydər Əliyev Sarayında rəqqas özünün yeni "DİSEN DE Mİ" adlı möhtəşəm rəqs proqramını təqdim edəcək. SİA-nın məlumatına görə, səhnədə 20-dən çox artistin müşaiyət edəcəyi konsert proqramı saat 20:00-da başlayacaq.
Konsertin biletləri artıq martın 2-dən satışdadır. Heydər Əliyev Sarayında Joaquin Cortesin iştirakı ilə baş tutacaq möhtəşəm şouya bilətlərin qiyməti 10 manatdan -30 manata qədər təyin olununub. Biletləri şəhərimizin kassalarından əldə etmək olar.
Qeyd edək ki, "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı martın 9-dan 19-a qədər davam edəcək. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub. Festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilir.