“GPS” və “Wi-Fi”-ya malik əl ağacı

2 Mart 2013 20:30 (UTC+04:00)

Yaponiyanın "Fujitsy" şirkəti İspaniyanın Barselona şəhərində keçirilən "Mobile World Congress 2013" sərgisində daxili peyk naviqatoruna malik qeyri-adi əl ağacı nümayiş etdirib.

"Next Generation Cane" qurğusu yaşlılara evə gedən yolu tapmaqda yardımçı olacaq, bundan başqa, əl ağacı real vaxt rejimində insanın yeri haqqında məlumatları ötürməyə, həmçinin onun bədən hərarətini, nəbzini izləmək bacarığına malikdir.

Əl ağacı və onun sahibinin yerləşmə mövqeyinə xüsusi yaradılmış portalda onlayn baxmaq olar, bundan başqa, əl ağacının sahibi təyin edilmiş məsafədən uzaqlaşdıqda sistem elektron poçtla bu barədə xəbərdarlıq edə bilər.

"Fujitsy" şirkətindən verilən məlumata əsasən, yeni həll yaşlı insanlar üçün nəzərdə tutulub. Avropada bu cür əl ağaclarının satışlarına cari ilin iyununda başlanılacaq.