Dollar milyarderləri Asiyada yaşayır

2 Mart 2013 10:35 (UTC+04:00)

Dollar milyarderlərinin sayına görə Asiya ən nəhəng regiona çevrilib. Onların içərisində ən məşhuru isə honkonqlu Li-Ka-Şindir, onun sərvətinin miqdarı 32 milyard dollardır. SİA-nın məlumatına görə, bu haqda Çinin hər ay dərc olunan "Hurun Report" jurnalında bildirilir.

Nəşrin verdiyi məlumata əsasən, Asiyada 608 dollar milyarderi yaşayır, daha sonrakı sırada isə 440 milyarder ilə Şimali Amerika və 324 milyarder ilə Avropa qitələri gəlir.

Amma ayrılıqda götürdükdə milyarderlərin sayına görə ilk yer ABŞ (409 milyarder), ikinci yer Çin (317 milyarder), üçüncü yer isə Rusiyaya (88) məxsus olmuşdur. İlk onluğa həmçinin Almaniya, Böyük Britaniya, Hindistan, İsveçrə, Braziliya, Tayvan, Fransa və Türkiyə də yer almışdır (Paris və Ankara 10-cü yerləri bölüşdürür).

"Harun Report" un versiyasına əsasən dünyanın ən zəngin insanı meksikalı Karlos Slimdir, onun sərvətinin miqdarı 66 milyard dollardır, ikinci yerdə amerikalı investor Uorren Baffet (58 milyard dollar) gəlir. Üçüncü yerdə isə İspaniyalı Amansio Orteqa 55 milyard dollar ilə qərar tutmuşdur. İlk onluğa Bill Qeyts, Bernar Arno, Larri Ellison, Li Ka-Şin, Çarls və Devid Kox qardaşları, həmçinin Lilian Betankur da daxil edilib.