Yeni vaqonlarla bağlı açıqlama

1 Mart 2013 22:14 (UTC+04:00)

Hazırda vaqonlar "Nərimanov" elektrik deposu yollarında sınaq müddətini davam etdirir

Bakı Metropoliteni bəzi kütləvi informasiya vasitələrində metropolitendə sınaqda olan Rusiyanın "Transmaşholdinq" şirkətinin istehsalı 81/760-761 tipli yeni vaqonların yerli texniki tələblərə müvafiq olmaması barədə yayılmış məlumatlara aydınlıq gətirib.

Metropolitenin rəis müavini Vladimir Kazıyev bildirib ki, həmin informasiya həqiqətə uyğun deyil: "Dekabr ayının əvvəlindən sınaqdan keçirilən vaqonlar istismarçı müəssisənin təşəbbüsü ilə müqavilə əsasında Bakı metropoliteninə monitorinqə verilib. Monitorinq üçün ayrılmış 6 aylıq müddət bitməmiş vaqonlar barədə qəti rəy verilə bilməz".

Onun sözlərinə görə, hazırda vaqonlar "Nərimanov" elektrik deposu yollarında sınaq müddətini davam etdirir.

Metropoliten rəsmisi bildirib ki, vaqonlar istismar baxımından çox rahat, rəvan hərəkətli, səssiz, iqlimə nəzarət qurğusu, havatəmizləmə, sərnişinləri məlumatlandırma sistemləri ilə təmin edilib: "Videomüşahidə qurğuları hərəkətin təhlükəsizliyinə və ardıcıllığına nəzarət baxımından çox əlverişlidir. Vaqon qapıları əvvəlki modellərə nisbətən daha rahatdır. Qatarı idarəetmə kabinəsində maşinist üçün əlverişli şərait yaradılıb, idarəetmədə kompüter sistemindən istifadə olunur, nasazlıqların aşkar edilməsi üçün diaqnostika sistemi tətbiq edilir".

V.Kazıyevin sözlərinə görə, vaqonların yerli şəraitə uyğunsuzluğu barədə informasiya həm də ona görə həqiqətdən uzaqdır ki, metropoliten sistemində vaqonların istismar şərtləri hər yerdə eynidir: "Fərq yalnız vaqonların texniki parametrlərində, təhlükəsizlik tələblərində sərnişin rahatlığının təmin olunmasında ola bilər ki, bu göstəricilər də hazırda sınağın əsas predmetidir".

O bildirib ki, sınaq müddətinin başqa özəl tərəfi həmin vaqonları idarə edəcək kadrların yetişdirilməsidir.

Metropoliten rəsmisi monitorinqin müddəti başa çatdıqdan sonra Bakı metropoliteninin vaqonların etibarlığı barədə texniki rəy verəcəyini qeyd edib.

O, həmçinin əlavə edib ki, sınağın nəticəsindən asılı olmayaraq, Bakı metropoliteni dünyanın digər aparıcı vaqon istehsalçıları ilə əməkdaşlığa hazırdır və bu istiqamətdə danışıqlar aparılır.