Martın 3-də Vışkuv şəhərində Dünya Boks Seriyası (WSB) Liqasının 10-cu turu çərçivəsində Polşanın "Hussars Poland" və Azərbaycanın "Baku Fires" komandaları qarşılaşacaqlar. Siasport.az saytının məlumatına görə, "Baku Fires" 9 görüşdən 24 xal toplayaraq A qrupunun vahid lideridir. Polşalılar 13 xalla qrupda 3-cü yeri tuturlar.
Artıq komandaların heyəti müəyyənləşib. Belə ki, Silvester Kozlovski (54 kq, "Hussars Poland") Elvin Məmişzadə ("Baku Fires") ilə, Adil Aslanov (61 kq) Məhəmmədəli Ukayevlə, İreneuş Zakrzevski (73 kq) Nikolay Veselovla, Mixal Qerleçki (85 kq) Ramazan Məhəmmədovla, Mateuş Malujda (91 kq-dan yuxarı) Abdulqadir Abdullayevlə qarşılaşacaq.
Bakıda keçirilmiş görüşdə komandamız Polşa kollektivini 5:0 hesabı ilə məğlub etmişdi. Həmin matçın iştirakçılarından komandamızın heyətində N.Veselov və R.Məhəmmədov səfərdə də rinqə çıxacaqlar.