Emeka Opara rəsmən "Qarabağ"da

1 Mart 2013 09:32 (UTC+04:00)

"Qarabağ" daha bir transfer reallaşdırıb. Siasport.az saytının məlumatına görə, Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiç, Reynaldonun ardından komanda daha bir keçidi həll edib. Azərbaycanda çıxış edərkən oynadığı futbolla göz oxşayan Emeka Opara rəsmən "Qarabağ"lı olub. 28 yaşlı forvard dünən komada ilə rəsmi müqaviləyə imza atıb. Nigeriyalı "Qarabağ"la 1,5 illik müqavilə imzalayıb.

Daha öncə "Sahel", "Kayzerslautern", "Xəzər-Lənkəran", "Əl Naser"də oynamış Opara təəssüratlarını bildirib: "Qarabağ"dan təklif gələndə düşünmədən razılaşdım. Hələ Azərbaycanda oynayarkən yeni komandamın oyun üslubu o dəqiqə hiss olunurdu. Bəlli sistemə malik komandada oynamaq futbolçu üçün rahatlıqdır. Bilirəm ki, "Qarabağ" çempionluq üçün mübarizə aparır. Hazırda liderdən 3 xal geridə qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündür. Azərbaycan çempionatının səviyyəsinə bələdəm. Burda yaxşı oynamaq üçün nələrin lazım olduğunu bilirəm. Komandanın heyətindəki futbolçuların çoxusunu tanıyıram. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm. Böyük bir camiənin sevilən bir hissəsi olmaq istəyirəm. Bunun üçün isə, meydanda can qoymaq lazımdır. Bəli, "Qarabağ"a çempionluq üçün gəlmişəm. İnanıram ki, mayda qızıl medalları məhz "Qarabağ" ın heyəti boynundan asacaq".