Babək Quliyev: "Məğlub olsaydıq da..."

28 Fevral 2013 16:45 (UTC+04:00)

"Şadam ki, qələbə qazandıq. Amma komanda birinci hissədə çox pis oynadı. Bunun nəticəsi idi ki, qol buraxdıq". Siasport.az saytının məlumatına görə, bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"a yeni idman-direktoru təyin olunmuş Babək Quliyev deyib. Azərbaycan kubokunun 1/4 final mərhələsində "Rəvan" üzərində qələbədən sonra klub rəsmisi fikirlərini açıqlayıb: "Komandada boşluqlar var. Biz bu boşluqları doldurmağa çalışacağıq. Düzdür, biz qələbə qazandıq, amma bununla rahatlaşmaq olmaz. Kubok 2 oyundan ibarətdir. Hələ Lənkəranda da "Rəvan"la qarşılaşcağıq. Orada da qələbə qazanmaq istəyirik. Gələn il bu klubun 10 illiyidir. Bu münasibətlə komandanı yaxşı hazırlaşdırıb, uğur qazanmaq lazımdır. "Xəzər Lənkəran"ın adı var. Onun adına uyğun nəticələr olmalıdır. Təkcə daxili çempionatla kifayətlənmək olmaz. Avrokuboklarda da nəticə göstərmək lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

B.Quliyev hakim haqqında da fikirlərini bildirib: "Rauf Cabbarov son zamanlar yaxşı oyunlar idarə edir. Onun idarəçiliyindən razı qaldım. Hətta biz məğlub olsaydıq da, mən onun əlini sıxıb, təşəkkürümü bildirəcəkdim. Onun idarəçiliyi yüksək səviyyədə idi".