Azərbaycan və Fransa arasında əlaqələr ganişlənir

28 Fevral 2013 12:18 (UTC+04:00)

Kənd təsərrüfatı naziri İsmət Abasov beynəlxalq kənd təsərrüfatı sərgisi çərçivəsində Burqundiya regionu pavilyonunun açılışında və "Burqundiya günü"ndə iştirak edərək regionun ali şurasının prezidenti və regiona daxil olan şəhərlərin merləri ilə görüşlər keçirib. Nazilikdən SİA-ya verilən məlumata görə, daha sonra nazir İsmət Abasov tanışlıq məqsədilə sərgiyə baxış keçirərək müxtəlif kənd təsərrüfatı və qida məhsulları ilə yaxından tanış olub.

Nazir həmçinin Fransa Respublikasının kənd təsərrüfatı, qida və meşəçilik naziri cənab Kristian le Foll ilə görüş keçirib. Səmimi qəbula görə təşəkkürünü bildirən nazir İsmət Abasov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin sentyabr ayında Fransa Republikasına səfərindən sonra bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanların yarandığını diqqətə çatdırıb. Müqabil tərəf bu görüşün keçirilməsindən məmnunluğunu ifadə edərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində bir çox istiqamətlərdə əməkdaşlıq üçün yaxşı zəmin yarandığını qeyd etdi və aqroekologiya sahəsində əməkdaşlığın qurulmasını təklif edib. Görüş zamanı Fransaya məxsus iribuynuzlu heyvan cinslərinin Azərbaycana idxal edilməsi, kənd təsərrüfatı sahəsində ixtisaslaşan elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Aqrar Universiteti ilə müqabil tərəfin müvafiq təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması və universitetlər arasında anlaşma memorandumunun imzalanması imkanları müzakirə olunub. Nazir İsmət Abasov fransalı həmkarını 2013-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək 2-ci şərab festivalına dəvət edib. Nazir K. Le Foll bu görüşün Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı başlanğıc olduğunu bildirib.

İsmət Abasov Fransanın aqrar elm sahəsində ixtisaslaşan dövlətə məxsus "Franceaqrimer" təşkilatının baş direktoru cənab Fabien Bova ilə də görüş keçirib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinə daxil olan müxtəlif yönümlü kənd təsərrüfatı tədqiqat institutları ilə "Franceaqrimer" təşkilatı nəzdindəki qurumlar arasında birbaşa əməkdaşlıq əlaqələrinin yaradılması, xüsusilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə Fransanın Üzüm və Şərab İnstitutu arasında əmıkdaşlığa dair niyyət protokolunun hazırlanması və 2013-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan 2-ci Şərabçılıq Festivalı zamanı imzalanması imkanları müzakirə olunub. Bu kontekstdə Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzvlüyünün dəstəklənməsində "Franceaqrimer" tərəfindən səylərin göstərilməsinin vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Fransadakı səfiri cənab Elçin Əmirbəyov və Fransa Respublikasının Azərbaycandakı səfiri cənab Paskal Mönye də iştirak ediblər.