ASAIF fəaliyyətini intensiv şəkildə davam etdirir

27 Fevral 2013 11:57 (UTC+04:00)

Azərbaycan həqiqətlərini, Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını özünün ən vacib vəzifələrindən biri elan etmiş ASAIF-in təşkilatçılığı və dəstəyi ilə artıq müəyyən bir müddətdir ki, xaricdə oxuyan tələbələrimizin birbaşa iştirakı ilə müxtəlif ölkələrdə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan "Xocalıya Ədalət" yürüşü və aksiyaları keçirilir. Qurumdan SİA-ya verilən məlumata görə, ASAIF fəalları Bakıda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini də ziyarət etdilər. Üzərində "#JusticeforKhojaly" yazılmış köynəklərlə abidə qarşısında soyqırımı qurbanlarına ehtiramlarını bildirən ASAIF-çilər bununla həm də uzun müddət davam edən "Xocalıya Ədalət" kampaniyasına dəstək olduqlarını bir daha nümayiş etdirdilər.

Qeyd edək ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən lazımi dəyərin verilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə xaricdə oxuyan tələbələrimiz eyni zamanda universitetlərdə elmi konfranslar keçirir və xarici mətbuatda elmi məqalələrlə çıxış edirlər.