Heydər Əliyev Fondunun Xocalı qətliamı ilə bağlı sənədli filmi Əskişəhər universitetində anım tədbirində nümayiş etdirildi
26 fevralda Türkiyənin Əskişəhər Osmanqazi Universitetində Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə böyük tədbir keçirildi. SİA-nın məlumatına görə, Türkiyə-Azərbaycan Qardaşlıq Platforması tərəfindən təşkil edilən mərasimdə universitetin professor- müəllim heyəti, azərbaycanlı tələbələr, Türkiyə silahlı qüvvələrinin nümayəndəsi, şəhər vali və bələdiyyəsinin səlahiyyətliləri və 500 nəfər iştirak edirdi. Tədbir Türkiyə televiziya və mətbuat nümayəndələri tərəfindən işıqlandırıldı.
Türkiyə və Azərbaycan himnləri səsləndirildikdən və soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimin əsas məqsədi barəsində məlumat verildi.
Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış "Xocalı qətliamı" sənədli filmi Qarabağın tarixi, erməni əhalisinin bölgədə yerləşdirilməsi, sovet rəhbərliyinin Dağlıq Qarabağ probleminin yaranmasında rolu və Xocalı faciəsinin dəhşətləri barəsində auditoriyada tam təsəvvür yaratdı.
Çıxış edən universitetin rektoru professor Həsən Gönən Ermənistan tərəfindən törədilən Xocalı faciəsinin bütün türk xalqlarının ümumi ağrısı olduğunu, onun heç bir insanlıq qanunlarına sığmadığını bildirdi.
Universitetin dosenti Tamilla Əliyeva əslən Şuşadan olduğunu söyləyərək sovet dönəmində erməni əhalisinin Azərbaycan əhalisini sıxışdırdığını bildirdi və bir neçə faktla o erməni millətçilərinin insanlığa yaraşmayan hərəkətlərini ifşa etdi.
Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə belə tədbirlərin türk xalqlarının öz ümumi tarixinin öyrənilməsində əhəmiyyətini vurğuladı. Ermənistan tərəfindən Xocalı soyqırımının məqsədli surətdə törədildiyini, bu zaman Rusiyanın Qarabağda olan hərbi hissəsindən tam yararlandığına dair faktları söylədi. Qətliamı törətməklə azərbaycan xalqında xof yaratmağa çalışsa da, əksinə xalqımızın öz torpağı uğrunda qətiyyətini möhkəmləndirdiyini bildirdi.
Tədbirin təşkilatçısı Türkiyə - Azərbaycan Qardaşlıq Platformasının sədri, universitetin birinci kurs tələbəsi Elvin Əjdərli azərbaycanlı tələbələrin Xocalı soyqırımının dünyaya çatdırılmasında üzərlərinə düşən vəzifələrdən danışdı. Ermənistanın öz məqsədlərinə çatmadığını, gəncliyin torpağa sıx bağlılığını söylədi.
Tədbir keçırılən zalda Xocalı soyqrımını əks etdirən guşə yaradılıb və stendlər düzülüb.