Türkiyənin səfiri: “Bu gün bütün türk dünyası üçün kədərli gündür”

26 Fevral 2013 12:22 (UTC+04:00)

"Bu gün sadəcə Azərbaycan üçün deyil, eləcə də Türkiyə və bütün türk dünyası üçün çox önəmli, kədərli gündür". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Xocalı faciəsi ilə bağlı öz xatirlərini bölüşərkən belə deyib.

Səfirin sözlərinə görə, düz 21 il bundan öncə Xocalıda sadəcə azərbaycanlı olduqları, öz doğma yurd-yuvalarında yaşamaq istədikləri üçün xeyli sayda soydaşlarımız qətlə yetirilib: "Biz hər zaman həm türk, həm də Azərbaycan şəhidlərinin əziz xatirəsini yad edirik. Bununla belə, həlak olan insanların yaxınları ilə görüşərək, onların acılarına yaxından şərik oluruq. Hətta biz bu ağrı-acının dəhşətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində səylərimizi davam etdiririk".