“Xəmsə”nin iştirakçıları Lənkəranda soyqırımı qurbanlarını anıblar

26 Fevral 2013 08:38 (UTC+04:00)

Fevralın 25-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan "Xəmsə" intellektual bilik yarışının rayon turniri keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışında rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri və orta ixtisas məktəblərinin şagirdləri iştirak ediblər.

Yarışdan əvvəl iştirakçılar Xocalı soyqırımı qurbanlarının Xatirə parkında ucaldılan abidəni ziyarət edərək önünə çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində baş tutan yarışda Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov erməni qaniçənləri tərəfindən Xocalıda xalqımıza qarşı törədilən vəhşiliklərdən danışıb.

Rayonun fəal gənclərindən Samir Salayev bildirib ki, zaman keçdikcə daha çox dünya dövlətlərinin bu qətliamın Azərbaycan xalqına qarşı həyata keçirilən düşünülmüş kütləvi qırğın – soyqırımı olduğunu etiraf edirlər.

Çıxışlardan sonra turnirə start verilib. Rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən 8 komandanın mübarizə apardığı yarışmanın sonunda qaliblərə Gənclər və İdman İdarəsinin diplomları və kuboku təqdim olunub.

Sərraf Mirsəfəroğlu