"Vadim Dubnova media səviyyəsində reaksiya verməlidir"

25 Fevral 2013 20:34 (UTC+04:00)

Son vaxtlar Rusiya politoloqlarının verdiyi bəyanatların arxasında bu ölkənin maraqları durur. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev RİA Novosti agentliyinin rusiyalı şərhçisi Vadim Dubnovun "Dağlıq Qarabağ 25 il ərzində müstəqilliyinin tanınmamasına alışmışdır" fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan çox sürətlə inikişaf edir. Qafqazın lider dövlətinə çevrilməklə yanaşı yaxın və orta şərqin liderinə çevrilir. Türk dünyasının aparıcı dövlətlərindən birinə çevrilib: "Azərbaycan prezidenti Qərb təfəkkürünü yaxşı dərk edən, Rusiya siyasətini bilən və buna qarşı ağıllı fəaliyyət göstərən bir diplomatdır. Azərbaycanın imicində çox ciddi irəliləyişlər əmələ gəlib. Bunların fonunda keçmiş sovet respublikalarının heç biri buna nail ola bilmir. O cümlədən resursları bütün ölkələrdən çox olan Rusiya da buna nail ola bilmir. Bu da siyasi qısqanclığa gətirib çıxarır. Bundan başqa Rusiya Azərbaycanı siyasi nəzarətinə almaq istəyir. Azərbaycanda buna razılıq vermədiyinə görə, bütün istiqamətlərdə ölkəmizi sıxışdırmağa çalışırlar. Bu tip məsələlərə media səviyyəsində Azərbaycan siyasətçiləri reaksiya verməlidirlər. Bu savadsız siyasətin arxasında Rusiyanın maraqları durur. Dubnov dərk etməlidir ki, Azərbaycan müstəqil dövlətdir və onun dövlət maraqları var. Bu tip təzyiqlərə qarşı gəlmək üçün xalqımız prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməlidir. Sözün həqiqi mənasında, Azərbaycanın gələcəyi əvəzolunmaz Prezidentimizlə bağlıdır".