Qarabağ klanının əsarətində olan Ermənistana növbəti 5 illik cəza

25 Fevral 2013 19:50 (UTC+04:00)

Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri göstərdi ki, ölkədə hökmranlıq edən "Qarabağ klanı" mövqelərini bir qədər də gücləndirəcək, "qarabağlı"-"yerevanlı" qarşıdurması isə bundan sonra daha da kəskinləşəcək.

Ermənistan cəmiyyətində mövcud yerevanlı-qarabağlı qarşıdurması özünü ölkənin siyasi strukturlarından orduyadək ən müxtəlif sahələr daxil olmaqla ictimai-siyasi həyatın bütün sferalarında göstərir. Bu problemin əsasında erməni cəmiyyətində etnik birliyin olmamasından qaynaqlanan mənəvi-psixoloji gərginlik dayanır. Ermənistan əhalisi ölkəni idarə edən Qarabağ klanının hakimiyyəti qəsb etdiyini və xalqı taladığını düşünür. Əslində, Ermənistanın sosial-iqtisadi durumunu, demoqrafik vəziyyətini nəzərə aldıqda bu fikirlərdə həqiqət olduğunu demək olar.

Bir neçə əsr əvvələ qısaca nəzər salmaqla hazırkı Ermənistan hakimiyyətinin nə üçün erməni xalqına qənim kəsildiyinin, yerevanlılarınsa (bu kontekstdə "yerevanlı" anlayışı demək olar ki, bütün Ermənistan əhalisini əhatə edir) Qarabağ ermənilərinə nifrətinin səbəbini izah etmək mümkündür.

Məlumdur ki, dünyada "erməni" adı ilə tanınan toplumun əksəriyyəti özünü "hay" adlandırır. Əslində, "hay" və "erməni" anlayışları tamamilə fərqli mahiyyət kəsb edir. Ermənilər, daha dəqiq desək, ərmənlər Qafqazın yerli sakinləri olan xristian türklərdir. Orta əsrlərdə islam dinin yayılması ilə Cənubi Qafqazdakı türklərin əksəriyyəti müsəlman oldu, lakin bəzi dağlıq bölgələrdə xristianlıq qorunub saxlandı.

Haylar isə Cənubi Qafqaza sonradan gəliblər. Belə ki, XV əsrin ortalarından etibarən az sayda hay ailələrinin bölgəyə gəlişi ilə başlanan proses çar Rusiyasının XIX əsrdə onları Azərbaycan torpaqlarında - İrəvan, Qarabağ və Naxçıvanda məqsədli və süni məskunlaşdırması nəticəsində geniş hal aldı. Haylar müsəlman türklərlə müqayisədə sayca daha az olan və əsasən, dağlıq bölgələrdə yaşayan xristian ərmənlərlə qaynayıb qarışaraq onlara məxsus olan hər bir şeyə - qədim alban xristian mədəniyyətinə, ərmən adına, ərmən tarixinə sahiblənməyə başladılar. Bu, dövlətlərini "Hayastan" adlandıran, dünyada isə "Ermənistan" dövləti və "erməni" xalqı kimi tanınan hayların da maraqlarına uyğun gəlir.

Lakin onlar qarışıq qanlı qarabağlılara olan yad münasibətlərini gizlətmirlər. Daha doğrusu, ermənistanlılar qarabağlıları erməni, yəni hay hesab etmirlər, onları ikrahla "şurtvas" adlandırırlar ki, bu da "dönmə" mənasındadır. Qarabağ ermənilərinin xristian türklərdən törədiyini məşhur rus araşdırmaçısı Veliçko hələ üç əsr öncə yazmışdı. Qarabağ ermənilərinin dili də sadəcə ayrı ləhcə deyil, müxtəlif dillərin qarışığından formalaşaraq ədəbi erməni dilindən xeyli fərqlənir.

Ermənistanda adət halını almış "Haysan, yoxsa qarabağlısan?" sualı da bu ayrı-seçkiliyi göstərən məşhur ifadədir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz hakimiyyəti dövründə Qarabağa səfəri zamanı bölgənin rəhbəri Robert Köçəryana "sən albansan" demişdi və o da bunu təsdiqləmişdi. Eyni zamanda, Ter-Petrosyanın Qarabağ ermənilərini hay hesab etmədiyi, onlar barəsində "etnik qarabağlılar" ifadəsini işlətdiyi məlumdur.

Lakin yerevanlı-qarabağlı qarşıdurması məhz Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonların işğalından sonra milli düşmənçilik səviyyəsinə çatdı. Buna səbəb qarabağlıların Ermənistanın siyasi sistemini və iqtisadiyyatını tam nəzarətə alması, öz monopoliyaları altında saxlamasıdır. 1998-ci ildə R.Köçəryanın hakimiyyətə gəlməsindən sonra əksər məsul vəzifələrə qarabağlılar yerləşdirildi. Köçəryandan dəstək alan, seçkiləri saxtalaşdırmaqla hakimiyyətə gələn Serj Sarkisyan da sələfinin tutduğu yolu davam etdirir. Elə 2008-ci ildə seçkilərin ədalətsiz keçirilməsinə etiraz edən yerevanlıların Dağlıq Qarabağdan gətirilən silahlı bölmələrin əli ilə güllə-baran edilməsi Sarkisyanın Ermənistan əhalisinə olan münasibətinin göstəricisidir.

Etnik zəmində qarşıdurma siyasi sahədə olduğu kimi, orduda da özünü göstərir. Məlum olduğu kimi, Ermənistan ordusunda rüşvətxorluq və cinayətkarlıq geniş hal alıb, həmçinin, hərbi hissələrdə dözülməz şərait mövcuddur. Üstəlik, Azərbaycan tərəfinin işğal faktı ilə barışmaması, ərazi bütövlüyünü istənilən yolla bərpa etmək əzmi erməniləri daim qorxuda saxlayır, bu səbəbdən də işğal altındakı hərbi hissələr erməni gənclər üçün ən arzuolunmaz məkana çevrilib. Sarkisyan hakimiyyətinin "qarabağlı" təəssübkeşliyinin nəticəsi olaraq qarabağlı gənclərin əksəriyyəti Ermənistanda, xüsusilə də paytaxt Yerevan ətrafında yerləşən hərbi birləşmələrdə xidmət edirlər. Ermənistanlı gənclər isə məcburən onların yerinə, Qarabağa göndərilir. Çoxsaylı faktlardan da məlumdur ki, qarabağlı zabit heyəti Ermənistandan gələn gənclərlə çox sərt davranır, onları hər cür təhqir və işgəncələrə məruz qoyurlar. Bu qarşıdurma sıravi əsgərlər arasında da müşahidə olunur. Buna görə də ermənistanlı valideynlər çox vaxt müxtəlif yollarla övladlarını Qarabağda xidmət göstərməkdən yayındırırlar.

Ümumiyyətlə, qarabağlı klanı Ermənistanda elə bir özbaşına, sərhəd tanımayan rejim yaradıb ki, hətta Ermənistan cəmiyyətində Qarabağın onlara lazım olmaması, başa bəla olan qarabağlıların torpaqlarla birlikdə Azərbaycana geri qaytarılması fikriləri də formalaşıb.

Ermənistanda son prezident seçkiləri ərəfəsində gedən proseslər isə yerevanlı-qarabağlı qarşıdurmasının getdikcə gücləndiyini göstərir. Belə ki, R.Köçəryan hələ seçki ərəfəsindəki müsahibələrinin birində prezidentliyə namizədliyini irəli sürməməsinin səbəbini "hakimiyyət uğrunda iki qarabağlı arasında mübarizəyə səbəb olmamaq" istəyi ilə izah etmişdi. Ermənistan daxilində böyük səs-küyə səbəb olan bu bəyanat Qarabağ ermənilərinin ambisiyalarını haylara bir daha xatırlatdı.

Nəticəsi öncədən bəlli olan son seçkidə Serj Sarkisyan qalib elan olunsa da, ölkənin bir sıra bölgələrindəki nəticələr Qarabağ klanının nümayəndəsinə olan münasibəti ortaya qoyur. Məsələn, mərkəzi Gümrü şəhəri olan Şirak vilayətində səsvermənin nəticələrinə görə Raffi Ovannesyan S.Sarkisyana qalib gəlib. Bu da təəccüblü deyil, çünki bölgə əhalisinin əksəriyyəti şurtvaslara nifrət edir. Əvvəlki illərdə yüksək inkişaf etmiş şəhər sayılan Gümrüyə ilk böyük zərbəni 1988-ci il zəlzələsi vurub. Gümrünün dirçəlməsinə bu vaxtadək mane olan əsas qüvvə isə Qarabağ klanıdır, çünki bölgənin inkişafı və güclənməsi son nəticədə, hakimiyyətin yenidən ermənistanlıların əlinə keçməsinə gətirib çıxara bilər.

Beləliklə, Qarabağ klanı Ermənistandakı hakimiyyətini daha 5 il müddətinə leqallaşdırdı. Bu, Ermənistanda iqtisadiyyat üzərindəki monopoliyanın davam etməsi, siyasi elitanın daha çox varlanması, əhalinin isə daha da yoxsullaşması, xarici ölkələrə kütləvi miqrasiyanın davam etməsi deməkdir.

Məsələyə Ermənistanın hərbi münaqişədə olduğu Azərbaycan dövlətinin maraqları prizmasından da yanaşmaq olar. İşğal olunmuş ərazilərindən Ermənistanın qoşunlarını çıxarması üçün Azərbaycan təzyiq vasitəsi kimi bu ölkəni iqtisadi blokadaya alıb. Sarkisyanın başçılıq etdiyi Qarabağ klanı isə Ermənistanın iqtisadiyyatının içəridən dağıtmaqla Azərbaycanı məqsədinə daha da yaxınlaşdırır. Başqa sözlə desək, işğalçı siyasət yeridən Ermənistanı 15 ildir ki, elə öz rəhbərliyi cəzalandırır və 18 fevral seçkisindən sonra cəzanın müddəti daha 5 il uzadılıb.

Hülya Məmmədli