“Kubinka”nı belə görməmişdiniz FOTO

25 Fevral 2013 12:07 (UTC+04:00)

Vaxtaşırı maraqlı layihələrə imza atan, yeni-yeni premyeraları ilə tamaşaçılarını sevindirən Musiqili Komediya Teatrında daha bir yeni layihə üzərində iş müvəffəqiyətlə davam edir. Bu tamaşanın da uğurlu olacağına inandığını söyləyən teatrın direktoru Əliqismət Lalayevin SİA-ya verdiyi məlumata görə, müsabiqə yolu ilə yaradıcı heyətə işə götürülən gənclərdən ibarət böyük bir qrupun hazırladığı "Kubinka" musiqili-essenin məşqləri hər gün saat 8:00-da başlanır: "Teatr mühiti üçün bir az fərqli olan bu iş rejimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yeni layihəsi olan "Kubinka"nın bütün yaradıcı heyətinin ürəyincədir. Bəstəkar Firudin Alahverdinin musiqisi əsasında hazırlanan tamaşaya rejissor Elvin Mirzəyev quruluş verir. Tamaşaçılara yaxşı məlum olan "Arşın mal alan" (Ü.Hacıbəyli) operettasından sonra bu tamaşa Elvin Mirzəyevin teatrda ikinci işi olacaq".

Tamaşanın bədii tərtibatı Nabat Səmədovaya məxsusdur. İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın teatrsevərlərə bəxş edəcəyi gözəl duyğular olacaq.

Əsas rollarında gənc aktyorlar Ülviyyə Hüseynova, Leyla Məmmədova, Fidan Babayeva, Nigar İbadlı, Kamil Osmanlı, Rüstəm Rüstəmov, Şəhriyar Hüseynzadə, Şamil Əliyev, Elvin Əliyev, Ruslan Mürsəlov, Şaban Cəfərovun olduğu tamaşanın premyerası aprel ayına planlaşdırılır.