ATƏT PA-da Xocalı aeroportu müzakirələri

23 Fevral 2013 23:46 (UTC+04:00)

İclasda bildirilib ki, hava məkanı Azərbaycana məxsusdur və Ermənistan tərəfindən istifadəsi qeyri-leqaldır

Fevralın 21-22-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyası keçirilib. Sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti təmsil edib.

ATƏT PA-nın daimi komissiyasının iclası keçirilib. Milli Məclisin deputatı Azay Quliyev sessiyada çıxış edərək, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən Xocalı aeroportunun istifadəyə verilməsi niyyəti ilə bağlı narahatlıq ifadə edib, bu addımın Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının müddəalarına zidd olduğunu qeyd edib.

Bildirilib ki, Ermənistanın Azərbaycanın işğal altında olan Xocalı aeroportundan uçuşlar həyata keçirmək niyyəti Azərbaycana qarşı ciddi təhlükə yaradır. Bu hava məkanı Azərbaycana məxsusdur, Ermənistan tərəfindən istifadəsi qeyri-leqaldır və buna görə də Azərbaycan Çikaqo Konvensiyasının hüquqi müstəvidə tətbiqini gücləndirəcək.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin rəhbəri Yaneş Lenarçiç, milli azlıqlar üzrə ali komissar Knut Vollebek, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə əlaqələndiricisi Halil Yigitgüden məruzələrlə çıxış ediblər.

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova da çıxış edərək, Suriyadakı uşaqların aqibəti ilə bu günlərdə növbəti ildönümü qeyd olunacaq Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar arasında müqayisə aparıb. Qeyd edilib ki, bir gecə içərisində erməni separatçıları tərəfindən Azərbaycanın Xocalı şəhərində qətlə yetirilmiş 613 sakindən 63 nəfəri uşaq olub, onların əksəriyyətinin bədən üzvləri kəsilib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlamış münaqişə artıq 25 ildir davam etməkdədir və təkcə region üçün deyil, eyni zamanda, dünyada təhlükəsizlik üçün ciddi təhlükə törətməkdədir.

Bildirilib ki, Suriya böhranı nəticəsində yüzlərlə erməni əsilli suriyalı ailənin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar ciddi narahatlıq doğurur. B.Muradova həmin məlumatlardan biri kimi ATƏT PA-nın Beynəlxalq Katibliyi tərəfindən hazırlanmış "Suriyada humanitar böhran" adlı jurnalı misal gətirib. Həmin jurnalda göstərilir ki, Suriyadan olan 29 qaçqın ailə (təxminən 90 nəfər) Azərbaycanın zəbt olunmuş Laçın rayonu ərazisində məskunlaşdırılıb. Bununla Ermənistan işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişmək, özünə canlı sədd yaratmaqla azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına geri dönməsinin qarşısını almaq və onların şəxsi əmlak hüquqlarından istifadəsindən məhrum etmək məqsədini güdür. B.Muradova vurğulayıb ki, ATƏT PA və digər beynəlxalq təşkilatları Ermənistanı suriyalı qaçqınların faciəsindən öz məqsədləri üçün sui-istifadə etməkdən çəkinməyə çağırmalıdırlar. Çünki bu məqsədlər öz ev-eşiklərindən məhrum olmuş həmin insanların gələcək taleyi üçün böyük təhlükə yaradır və daha ağrılı məqam ondan ibarətdir ki, həmin qaçqınlar öz ata-baba yurdlarına qayıdacaqları günü gözləyən azərbaycanlı qaçqınların evlərində yerləşdirilirlər. Yekunda bir daha qeyd edilib ki, Ermənistanın bu addımları mövcud vəziyyəti gərginləşdirməklə yanaşı, münaqişənin ədalətli və davamlı həlli üçün göstərilən cəhdlərə zərbə vuraraq onları zəiflədir.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Suriya böhranının hazırda dünya siyasətində ən vacib mövzulardan birinə çevrildiyini qeyd edib. Bildirilib ki, böhran nəticəsində hər gün insan tələfatı, qaçqın axını və iqtisadi-humanitar fəlakət daha da geniş vüsət almaqdadır. Artıq Suriya böhranı regional dairədən çıxaraq, beynəlxalq münaqişəyə çevrilib. Suriyada baş verən insan faciəsini, 1 milyon 161 min qaçqın düşmüş insanın acı taleyini çox yaxşı anladığını bildirən R.Aslanova artıq 20 ildən də artıq davam edən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda da 1 milyon insanın qaçqın olduğunu, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, buna rəğmən Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı pessimist deyil və problemin sülh yolu ilə həlli istiqamətində səylər göstərir. 1951-ci ildə dünyada 1 milyon insanın qaçqın olduğunu qeyd edən azərbaycanlı deputat 2012-ci ildə bu rəqəmin 48 milyon nəfərə çatdığını söyləyib, dünya ictimaiyyətinin bu problemin həlli üçün ciddi şəkildə çalışmalı olduğunu ifadə edib.

Sessiya öz işini Suriya böhranı ilə bağlı müzakirələrlə yekunlaşdırıb.

ATƏT PA-nın yay sessiyasının iyunun 29-dan iyulun 3-dək İstanbul şəhərində keçirilməsi qərara alınıb.