“Bakcell Arena” ilə bağlı müqavilə imzalanıb

22 Fevral 2013 18:18 (UTC+04:00)

AFFA tərəfindən Bakının Nizami rayonu ərazisində tikilən "8 km stadionu" "Bakcell Arena" adlanacaq. Bu məqsədlə bu gün Bakcell-in ofisində müqavilə imzalanıb. Müqaviləni şirkətin baş icraçı direktoru Riçard Şirer və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. SİA-nın verdiyi xəbərə görə, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib.

Bakcell-in də milli tərəfdaşı olduğu FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin bir çox oyunu burada keçirilib. 11 min tamaşaçı yeri olan "Bakcell Arena" ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.

Xatırladaq ki, "Bakcell Arena" stadionun adını əks etdirən lövhənin açılış mərasimi fevralın 23-də, saat 16:00-da keçiriləcək.