Masallıda bəzi şəxslər rayonda görülən işlərə qara yaxırlar TƏKZİB

22 Fevral 2013 17:33 (UTC+04:00)

21 fevral 2013-cü il tarixdə RATİ-nin mətbuat mərkəzində özlərini Masallı ziyalıları İB-nin üzvləri adlandıran bir qrup şəxsin mətbuat konfransı keçirərək Masallı rayon İcra hakimiyyəti başçısının təhsil, səhiyyə sahələrinə diqqət ayırmaması, quruculuq işlərinin aparılmaması, şikayətçiləri qəbul etməməsi kimi böhtan və şantaj dolu fikirlər səsləndirərək rayonda görülən işlərə qara yaxmağa çalışmışlar. Onların səsləndirdikləri fikirlərin azacıq da olsa əsası yoxdur. Bu məlumatı SİA-ya Masallı Rayon İcra Hakimiyyətindən (RİH) veriblər.

Masallı RİH-dən bildiriblər ki, Masallı rayonunda həyat öz axarı ilə davam edir, ictimai-siyasi vəziyyət tam sabitdir. Rayonun bütün ərazilərində tikinti-quruculuq işləri həyata keçirilir, insanları narahat edən sosial problemlər aradan qaldırılır. Son illərdə rayonda 34 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Hazırda 5 məktəbin tikintisi və 1 məktəbin əsaslı təmiri sürətlə davam etdirilir. Ümumilikdə 30 km-ə yaxın yol, 70 km-dən artıq qaz xətti çəkilmiş və təmir olunmu, rayonun rabitə sistemi bütövlükdə elektronlaşdırılmış, onlarla səhiyyə və mədəniyyət ocaqları inşa olunub. Həmçinin yeni park və xiyabanlar salınır, SİP kabelləşmə işləri davam etdirilir. Masallı şəhərinin su kanalizasiya sistemi yenidən qurulur, dəniz ətrafı 38 yaşayış məntəqəsinə içməli su xəttinin çəkilişinə başlanılmışdır.

Bütün bunları gözü görməyən vəzifə davası aparan, ziyalılıqdan danışmağa heç bir mənəvi haqqı olmayan, özünü Masallı ziyalıları ictimai birliyinin sədri adlandıran, vaxtilə rayon İcra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən, yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad olunmuş Məmmədağa Eynullayev, DSK-da bitərəf katib işləyən, seçki prosesində yol verdiyi ciddi saxtakarlığa görə MSK-nın qərar ilə tutduğu vəzifədən azad olunuan Ramil İbadullayev ilə birlikdə rayonda görülən işlərə qara yaxırlar.

Eynullayev Məmmədağa Bəndalı oğlu Masallı rayon Müsaküçə kənd sakinidir. Orta ixtisas təhsilli mühəndisdir. 1991-1997-ci illərdə AXC-nin fəal üzvü olub və həmin dövrdə Biləsuvar Gömrük Keçid məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1997-ci ildə orta təhsilli olmasına baxmayaraq Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1997-ci ildə saxta yolla hazırda fəaliyyət göstərməyən "Naxçıvan" universitetinin hüquqşünas ixtisası üzrə diplomunu əldə etmişdir.

2005-ci ildə YAP-na üzv qəbul olunub. Tutduğu vəzifədən sui istifadə edərək bir cox qanunsuz hərəkətlərə yol vermiş, o cümlədən Masallı bazarında insanları aldadaraq onlardan qeyri-qanuni yolla mağaza binası üçün yer satma qarşılığında pul aldığı üçün (imzası olan sənəd var) 2010-cu ildə tutduğu vəzifədən azad olunmuşdur.

Vəzifədən azad olunduqdan sonra mütəmadi olaraq bir qrup ruhi xəstələri və cəmiyyətdə mənfi imiclə tanınan şəxsləri ətrafına yığaraq rayonda sabitliyi pozmağa cəhd göstərmiş, o cümlədən 2011-2012-ci ilin əvvəllərində aclıq aksiyası keçirmişdir. Buna görə də 2012-ci ildə YAP siralarından xaric olunmuşdur. Hazırda müxalifət partiyaları ilə əməkdaşlıq edir və onların tapşırıqlarını icra edir.

Bu gün hər kəs görür ki, ölkəmizin hər yerində olduğu kimi, Masallıda da necə böyük layihələr həyata keçirilir və ictimai-siyasi sabitlik hökm sürür.

Artıq hər şeyi yaxşı anlayan, ağı qaradan seçən ictimaiyyətimiz Məmmədağa və Ramil kimilərin yalançı, böhtan dolu hay-küyünə uymaz.

Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasəti ləyaqətlə həyata keçirən rayon rəhbərliyinin fəaliyyəti ziyalılarımız,ictimaiyyətimiz tərəfindən dəstəklənir.