“Xarici siyasət klubu”nun növbəti məşğələsi keçirilib FOTOLAR

22 Fevral 2013 15:53 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər birliyində partiyanın nəzdində fəaliyyət göstərən "Xarici siyasət klubu"nun (Foreign Policy Club) növbəti məşğələsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Xarici siyasət klubu"nun təşkilatçısı, YAP Gənclər birliyinin sədr müavini Ramin Məmmədov, YAP GB-nın sədr müavini Aygün Əliyeva, birliyin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov və digər qonaqlar iştirak edib.

"Xarici siyasət klubu"nun təşkilatçısı Ramin Məmmədov bildirib ki, klubun yaradılması partiyanın xarici əməkdaşlığının gücləndirilməsinə xidmət edir. Burada YAP gənclərinin xarici təşkilatlarla əlaqələrinin daha da genişləndirilməsinə diqqət veriləcək və partiyanın xarici siyasəti ilə bağlı geniş məlumatlar yer alacaq.

R.Məmmədov deyib ki, bu gün artıq "Xarici siyasət klubu"nun ikinci məşğələsidir: "Bu gündən etibarən gənclərimiz praktiki nöqteyi-nəzərindən onlara lazım olan məlumatları əldə edəcəklər. Bugünkü məşğələ Avropanın ən böyük gənclər təşkilatlarından biri ilə əməkdaşlığın hansı formada qurula biləcəyinə dair fikir mübadiləsidir. Gənclərə bununla bağlı öncədən tapşırıqlar verilir və onlar bu məsələlərə dair öz fikirlərini prezintasiya xarakterli hazırlayırlar sonradan isə klub üzvlərinə, dinləyicilərə təqdim edərək öz mövqelərini müdafiə edirlər. Bununla gənclərimiz hər hansı bir beynəlxalq platformada qüvvələrin, tərəflərin təkidi, etirazı ilə qarşılaşarsa bunlara cavab vermək formalarını özündə aşılamaq imkanı əldə edəcəklər.

Klub təşkilatçısı bildirib ki, qarşıdakı illərdə Avropada ən böyük gənclər təşkilatları ilə bağlı yeni təqdimatların hazırlanması da nəzərdə tutulub.

Daha sonra Avropanın ən böyük gənclər təşkilatlarından biri ilə əməkdaşlığın hansı formada qurula biləcəyinə dair ətraflı məlumat verilib.

Qeyd edək ki, "Xarici siyasət klubu" hazırda dünyanın 20-dən çox siyasi təşkilatı ilə əməkdaşlıq edir.