"Bu soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir"

22 Fevral 2013 10:18 (UTC+04:00)

Bunu millət vəkili Qənirə Paşayeva İzmirdə Xocalı Soyqırımı ilə bağlı tədbirdə deyib

Çoxlu sayda insanın iştirak etdiyi Xocalı Soyqırımı ilə bağlı tədbirdə çıxış edən edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirmişdi ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirdi ki, Xocalı Soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər:

"Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur".

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən DAK başqan yardımçısı Asif Qurban ermənilərin tarix boyu türklərə qarşı soyqırım siyasəti yürütdüklərini, Xocalı Soyqırımının bütün türklərə qarşı bir soyqırım olduğunu bildirdi və erməni yalanlarına qarşı mübarizədə Azərbaycan ilə Türkiyə arasında birliyin və bərabərliyin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəhbəri Turgut Aran, Azərbaycan Öyrəncilər Təmsilçisi Cavid Əliyev, TİMUB başqanı Çingiz Bayramov,Doc.dr Vəfa Qurban, professor Kamal Arı və başqaları çıxış edərək bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdilər və Xocalı Soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanın üzərinə düşən vəzifələrdən danışıblar və bu istiqamətdə birgə fəaliyyətin aparılmasının vacibliyini qeyd etdilər. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyi də vurğulandı.

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.