Baş Prokurorluqda gənc əməkdaşların andiçmə mərasimi keçirilib FOTO

21 Fevral 2013 15:53 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

SİA-nın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbul edilmələri memarı ümummilli liderimiz Heydər Əliyev olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, ciddi ictimai nəzarət altında beynəlxalq və qeyri-hökumət təşkilatlarının müşahidəsi ilə keçirilən müsabiqədə seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar alıblar.

Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 47 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsinə təsadüf edir. Bu gün dünyada analoqu olmayan çox yüksək templərlə inkişaf edən Azərbaycan Respublikasında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilməklə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür.

Xüsusi vurğulanmışdır ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi bu məsələlərə çox böyük önəm verildiyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Diqqətə çatdırılıb ki, 2000-ci il aprelin 26-da ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 546 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 52 faizdən çoxunu təşkil edir. Çox müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilmiş, o cümlədən Baş Prokurorluğun şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar alıb.

Azərbaycan Respublikası baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr təqdim edilib.

Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.