Lənkəranda icra başçısı sakinlərlə görüşüb

21 Fevral 2013 13:55 (UTC+04:00)

Fevralın 20-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü şəhərimizin mikrorayon ərazisində yaşayan əhali ilə keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdirdiyi görüşdə icra başçısının 1 saylı şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov bu ərazidə mövcud olan idarə, müəssisə, təşkilatlar və digər sosial obyektlər barədə məlumat verib, bir sıra çatışmazlıqları İcra başçısının diqqətinə çatdırıb.

Şəhər sakinlərindən Tofiq Paşayev 2-ci mikrorayonda binalararası yolların asfaltlaşdırılmasını, ərazidə uşaq əyləncə mərkəzlərinin tikilməsini, Məmmədbağır Axundov 19-cu binanın əsaslı təmirə ehtiyacı olduğunu diqqətə çatdırıb. Çıxış edənlər həmçinin qaz və istilik xəttləri, su-kanalizasiya xəttində olan problemlərdən ,7 və 9 nömrəli tam orta məktəbinin əsaslı təmirə ehtiyacı barədə təkliflərini səsləndiriblər.

Görüşdə çıxış edən İcra başçısı Taleh Qaraşov bildirib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən əhalinin problemlərini yerlərdə öyrənib müvafiq tədbirlər görmək daim diqqət mərkəzində saxlanılır.

Ölkəmizdə genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinin görüldüyünü önə çəkən İcra başçısı Lənkəran rayonunda da bu işlərin sürətlə aparıldığını diqqətə çatdırıb. Taleh Qaraşov əlavə edib ki, dövlət başçımızın son on ay ərzində imzaladığı 4 sərəncamla rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində işlər gündən-günə sürətlənir. Hazırda Lənkəran müasirləşir, yeniləşir. Mərkəzi Rayon Xəstəxanası Avropa standartları səviyyəsində yenidən qurulduqdan sonra avqust ayında əhalinin istifadəsinə veriləcək. Şəhərimizin problemlərindən birincisi təbii qazın tam verilməməsindən ibarət idi. Hazırda şəhərin tam qazlaşdırılması istiqamətində işlər sürətlə icra edilir. İlin sonunadək rayonumuzun qəsəbə və kəndləri 95 faiz mavi yanacaqla təmin ediləcək. Su-kanalizasiya sistemi müasir tələblərə cavab vermirdi. Bu, bizi ciddi düşündürür və narahat edirdi. İndi Lənkəranda 240 milyon manat dəyərində olan yeni su-kanalizasiya layihəsi yerinə yetirilir. Şəhərimizin 11 küçəsində bu istiqamətdə işlər icra edilir. Su-kanalizasiya sahəsində görülən işlərin böyük əksəriyyəti cari ilin sonunadək, yerdə qalan hissəsi isə 2014-cü ilin əvvəllərinədək öz həllini tapacaqdır. Çoxmərtəbəli yaşayış binalarının həyətlərində asfaltlaşdırma işlərini bu il başa çatdıracağıq. Eyni zamanda, yaşayış massivlərində uşaq əyləncə mərkəzlərinin tikintisi, xeyir-şər məclislərinin keçirilməsi üçün xüsusi yerlərin inşası nəzərdə tutulub. Yaşayış binalarının dam örtüklərinin yeniləri ilə əvəz olunması həyata keçiriləcəkdir. İstinad divarlarının müasir tələblərə cavab verməsi üçün işlər davam etdirilir. Xaricdən gətirilmiş yeni işıqlandırma dirəkləri şəhərimizin görkəminə xüsusi yaraşıq verəcək. Heydər Əliyev Xatirə parkı yenidən qurulandan, Gənclər Mərkəzinin tikintisi başa çatandan sonra park və mərkəz əhalinin əsl istirahət yerinə çevriləcək. Şəhərimizin park və xiyabanları müasir tələblərə uyğun səviyyədə yenidən qurulur. Yeni iş yerlərinin açılması istiqamətində lazımi tədbirlər görülür.

İcra başçısı görüş zamanı sakinlər tərəfindən qaldırılan təkliflərin ardıcıl olaraq öz həllini tapacağını, 2013-cü ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün sakinlərin əməli işi ilə cavab verəcəyini, oktyabr ayında keçiriləcək prezident seçkilərində hamının yekdilliklə Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verəcəyini əminliklə bildirib.

Sərraf Mirsəfəroğlu