“Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!”

21 Fevral 2013 12:30 (UTC+04:00)

Azərbaycan təbiətini tanıtmaq, daha da çox sevdirmək və insanlar tərəfindən ətraf mühitə xüsusi diqqət və qayğını artırmaq məqsədilə IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq onlayn foto-paylaşma və sosial şəbəkə xidməti olan "Instagram"da müsabiqə elan edir.
Qurumdan SİA-ya verilən məlumata görə, "Instagram" vasitəsilə çəkilmiş Azərbaycan təbiəti və təbiət komponentini özündə əks etdirən bütün fotolar müsabiqədə iştirak edə bilər.
Bunun üçün "Instagram" istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə ıdeanature "hashtag"-i və "@idea_campaign" tag-i altında 20 Aprel 2013-cü il tarixinə kimi yükləməlidirlər.
Sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox bəyənilən 3 foto müvafiq olaraq: I yer - iPhone 5; II yer - iPad mini və III yer – iPad 2 mükafatları ilə təltif olunacaqlar.
Nəzərinizə çatdıraq ki, müsabiqədə hər bir iştirakçı tərəfindən yüklənilmiş maksimum 3 fotoşəkil iştirak edəcək.
Çəkilən fotoşəkillərin Azərbaycanda ilk dəfə olaraq keçiriləcək "IDEA Instagram sərgi"sində də iştirakı üçün fotolar həmçinin instagram@ideacampaign.org elektron ünvanına da göndərilməlidir.

Qeyd edək ki, "Instagram" əlavəsi "iOS" və "Android" əməliyyat sistemlərində çalışan mobil qurğular tərəfindən dəstəklənir.