"Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 21 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, o cümlədən, 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulub, 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur. Soyqırımı faktı Xocalı şəhərində 105 sosial-məişət obyektinin dağıdılmasına da səbəb olub. Şəhərdə 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. XIV-XV əsrə aid türbələr, kümbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Erməni vandallarının Xocalıda törətdikləri vəhşilikləri isə dünyanın nüfuzlu "Krua l’Eveneman", "Newsweek" jurnalları, "The Sunday Times", "The Times", "İzvestiya", "Financial Times", "Le Mond", "The Washington Post", "Reuters" agentliyi, "Channel 4 News" televiziyası və digər media vasitələri işıqlandırıblar. İstər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlib. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. Həmin günlərdə dünyanın məşhur qəzet və jurnallarında xarici jurnalistlərin Xocalı soyqırımı haqqında məlumatları dərc olunurdu. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, hər halda, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi. Amma təssüflər olsun ki, soyqırımın baş verdiyi və ondan sonrakı günlərdə xarici mətbuatda yüzlərlə bu kimi məlumatlar yayımlansa da, dünya dövlətləri bu dəhşətli hadisə haqqında məlumatlı olsalar da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri adları çəkilən mətbuat orqanlarının məxsus olduqları dövlətlər indiyədək soyqırımı kimi tanımayıblar.
Xocalı insanlıq əleyhinə törədilmiş soyqırımıdır
Qeyd edək ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi, Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. "Memorial" hüquq-müdafiə mərkəzi də təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin, Ümumdünya İnsan Haqları Bəyannaməsinin aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Beləliklə də, aydın olur ki, Xocalı sakinlərinə qarşı soyqırımı aktını Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olub.
Xocalının yer üzündən silinməsi ermənilər üçün strateji xarakter daşıyırdı
Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur ki, Ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Bu məqsəd isə hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar.
Birincisi, ermənilərin məqsədi, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu. Serj Sarkisyan özü etiraf edərək deyib ki, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı".
İkincisi, Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərini narahat edirdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.
Ermənistanın indiki prezidenti Ser Sarkisyan etiraf edib ki, Xocalı Qarabağı Ermənistanla birləşdirən yeganə hava məkanı idi: "Bilirsiz belə şeylər barədə yüksək səslə danışmazlar. Deyərlər ki, mümkündür. Mən də belə davranıram. Çünki Azərbaycanın keçmiş rəhbəri deyib ki, bunlar ermənilər yox, azərbaycanlıların özləri olub. Amma yenə mən deyirəm ki, həqiqət başqa cürdür. Hər halda, Xocalı bütün Qarabağı boğaza yığmışdı. Çünki bizi Ermənistanla birləşdirən aeroport orada idi".
Xocalının işğalı hələ 1991-ci ildən başlanmışdı
Əslində, Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, cığır, keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı sakinlərinin ümidlərinə son qoydu. Şəhərə son dəfə vertolyot yanvarın 28-də enmiş və bundan sonra Xocalı ilə hava əlaqəsi də kəsilmişdi.
Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə humanitar vəziyyət də gərginləşmişdi. Yanvarın 2-dən etibarən isə şəhərə elektrik enerjisinin verilişi dayandırılmışdı. Ciddi ərzaq və dava-dərman çatışmazlığı yaranmasına baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Əksinə, əli silah tutan hər bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. Şəhəri erməni quldurlarından avtomat və ov tüfəngləri ilə silahlanmış yerli sakinlər, milis qüvvələri qoruyurdular. 1992-ci il fevralın 25-də gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücuma keçdi. Əvvəlcə şəhər top atəşinə tutuldu.
Ermənilərin şəhərə daxil olması nəticəsində Xocalını tərk etmək məcburiyyətində qalan təqribən 2500 nəfər köməksiz insan Əsgəran rayonunun Naxçıvani kəndi yaxınlığında daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildilər.
Bununla da, Xocalını yer üzündən silməyə müvəffəq olmuş ermənilərin Azərbaycanın Dağlıq Qarabağ torpaqları ilə bağlı strateji planlarının reallaşdırılması asanlaşdı.
Mütəllibov və AXC-Müsavat Xocalı soyqırımı üzərindən siyasi maraqlarını təmin edirdilər
Azərbaycanın tarixində ən təəssüf doğuru məqam isə ondan ibarətdir ki, erməni daşnakları xocalıları, bütövlükdə isə, azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdiyi bir vaxtda Bakıda bu hadisələrə reaksiya vermək, törədilən qırğınların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq əvəzinə siyasi hakimiyyət uğrunda savaş gedirdi. Xocalı soyqırımının üzərində siyasi məqsədlərini reallaşdıran AXC-Müsavat hakimiyyəti istefaya çağırır, cəbhədə vuruşan hərbçiləri Bakıya yönəldirdi. Hətta, ən acı fakt ondan ibarət idi ki, adları çəkilən ünsürlər Xocalının azərbaycanlılar tərəfindən törədildiyini də iddia edirdilər. Əlbəttə ki, bu, birbaşa olaraq, Ermənistanın mövqeyini müdafiə etmək və onların işğal planlarına yarınmaq idi. Məhz, AXC-Müsavat cütlüyü bu soyqırımı faktından istifadə edərək hakimiyyətə gəlmək üçün özünə zəmin yaratdı və Bakıda döyüş səhnələri qurmaqla, Şuşanın, Laçının və digər rayonlarımızın Ermənistan tərəfindən işğalına da şərait yaratdı.
İlk dəfə Ulu öndər Heydər Əliyev Xocalı soyqımına hüquqi-siyasi qiymət verib
Bu cür vəziyyət Azərbaycan dövləti və xalqı üçün fəlakət idi. Ona görə də, xalq ikinci Xocalı faciəsi yaşamamaq üçün Ümummilli lideri hakimiyyətə gətirdi. Məhz, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə – "boz zona"ya çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər dəlil-sübutların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.
Belə ki, Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Milli Məclisin 2002-ci il 26 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaq.
Prezident İlham Əliyev Xocalı soyqırımının tanıdılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə dava etdirən Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib. "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" – deyən dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün bütün resursları və vasitələri işə salıb. Hətta, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul edib, Prezident İlham Əliyev isə "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" 2012-ci il yanvarın 17-də Sərəncam verib.
Məhz, birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, həmçinin, paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Əlbəttə ki, Prezident İlham Əliyevin göstərişləri əsasında dünyanın bir çox dövlətlərində tanıtma tədbirləri təşkil olunur. Lakin xarici tədbirlərin sırasında ən möhtəşəmi Türkiyənin İstanbul şəhərində keçirilib. Yüz mindən artıq insanın yürüş edərək, Taksim meydanında bir daha dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına cəlb etdi.
Biz azərbaycanlılar bütün dünyaya sübut etməyə çalışırıq ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə siyasətinin nəticəsidir. Elə Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində dediyi kimi, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib".
Bütün Azərbaycan xalqı əmindir ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir
Bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq, müxtəlif dillərdə "Qarabağ həqiqətləri" toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Həmçinin, "Qarabağ həqiqətləri" oxuculara alman və macar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur. Yəni, anlaşılan odur ki, Heydər Əliyev Fondu bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fasiləsiz və effektiv işləyən təşkilatdır.
Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası bütün xocalıların səsini dünya ictimaiyyətinə çatdırır
İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 50-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyasıdır. Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkəsinin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb. Həmçinin, Meksika, Pakistan və digər ölkələrin parlamentəri də Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər.
Göründüyü kimi, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Xocalı soyqırımı, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların, faktların, fotoşəkillərin dəqiqliyinə xüsusi diqqət yetirilməlidir ki, düşmənlərimiz bundan əleyhimizə istifadə edə bilməsinlər. Çünki, Ermənistan dövləti və erməbi lobbisi 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyini qeyd edilməsi üçün bütün güc və resurslarını səfərbər ediblər. Düşmənlərimizin bu saxta kampaniyasının qarşısının alınması üçün ən səmərəli yol Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ayrı-ayrı ölkələrin parlamentlərində tanınmasına nail olmaqdır. Bu işdə isə hər bir azərbaycanlı fəal olmalı və əsil vətəndaşlıq mövqeyini ortaya qoymalıdır.